Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, ondan sonra prezident kürsüsündə kimin oturacağı barədə daim fikirləşir. “Rossiya” telekanalında yayımlanan sənədli filmdə danışan Rusiya lideri bildirib ki, o, həmişə bu barədə düşünür.
Putin bildirib ki, o, daim potensial namizədlərə baxır və onların potensialını qiymətləndirir. Bununla belə, Putin öz səsini həlledici hesab etmir. Konkret ad çəkmək istəməyən Putin deyib ki, xalqın etimadını qazana biləcək bir neçə nəfər ortaya çıxmalıdır: "Aydındır ki, seçki texnologiyaları var, inzibati resurslar var. Amma son nəticədə seçim xalqın, rus xalqının, vətəndaşın, seçicinin ixtiyarındadır. Xalqın etimadını qazana bilməyən adamın çətin ki, ciddi bir iş görmək şansı olsun...
Ona görə də mən düşünürəm ki, xalqın etimadını qazana biləcək bir və ya bir neçə nəfər ortaya çıxmalıdır”.
Rusiya lideri mümkün varislərin konkret adlarını bölüşməkdən yayınıb. Bununla belə, onun keçmiş açıqlamalarından bəzi ipucları var.
2008-ci ildə o, Dmitri Medvedevi dəstəkləyib bildirib ki, “Medvedevin şəxsi və peşəkar keyfiyyətlərinə güvənirəm”.
O, 2018-ci ildə NBC telekanalına müsahibəsində deyib: “Varis təcrübəli və ölkə üçün məsuliyyət daşıya bilən biri olmalıdır”.
O, 2019-cu ildə “Financial Times”a isə 2000-ci ildən bəri varisi haqqında düşündüyünü deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə 2024-cü ilin noyabrında verdiyi açıqlamada “Yeni lider Putin kimi olacaq” deyərək, “Son nəticədə seçim xalqındır” demişdi.
“Putinin seçimi ola bilər və çox ehtimal ki, birini təklif edəcək” - deyə Peskov bildirmişdi.
TAHİR