EN

Qida təhlükəsizliyi məsələsində istehlakçı hüquqları –Aldığımız hər məhsul nə dərəcədə təhlükəsizdir?

Azərbaycan bazarında gündəlik istifadə etdiyimiz məhsulların böyük hissəsi istehlakçı nəzarətindən kənarda qalır. AzPost bildirir ki, qida təhlükəsizliyi sahəsində normativ mexanizmlər mövcud olsa da, onların tətbiqi və effektivliyi ilə bağlı ciddi problemlər var. Bu isə vətəndaşların həm sağlamlığına, həm də hüquqlarına birbaşa təsir göstərir.

İstehlakçılar əksər hallarda məhsulun tərkibi, mənşə ölkəsi, saxlanma şəraiti və istifadə müddəti barədə ya natamam, ya da çaşdırıcı məlumatlarla qarşılaşır. Xüsusilə kənd təsərrüfatı məhsullarında pestisid qalığı, ət və süd məhsullarında bakterial risklər, şirniyyat və içkilərdə isə qida boyaları və şirinləşdirici maddələrin həddi bir çox hallarda nəzarətsiz qalır.

Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunu hər bir vətəndaşa təhlükəsiz məhsul almaq hüququ verir. Lakin hüquqi təminatların praktikada tətbiqi problem olaraq qalır. Satış məntəqələrində yoxlamaların sayının azlığı və laborator nəzarətin zəifliyi bu sahədə əsas boşluqlardandır.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son illərdə bəzi nəzarət tədbirləri həyata keçirsə də, bu addımlar sistemli şəkildə yox, epizodik reydlərlə məhdudlaşır. Bu da sahibkarların məsuliyyətsizliyinə, saxta məhsulların yayılmasına və ən pisi, insanların bu məhsulları istehlak etməsinə səbəb olur.

Digər bir problem isə istehlakçıların öz hüquqlarını tanımaması və pozuntular zamanı şikayət mexanizmlərindən istifadə etməməsidir. Əksər hallarda vətəndaşlar aldadıldıqlarını bilsələr də, etiraz etmir, qanuni yola baş vurmurlar.

Qida təhlükəsizliyi təkcə dövlət qurumlarının deyil, eyni zamanda ictimai nəzarətin və vətəndaş təşəbbüslərinin də iştirak etməli olduğu bir sahədir. Hər bir istehlakçı maariflənməli, aldıqları məhsulun keyfiyyəti və mənbəyi ilə maraqlanmalıdır.

Yalnız bu şəkildə real nəticə əldə etmək və təhlükəsiz qida mühitini təmin etmək mümkündür.

Chosen
0
azpost.info

1Sources