
Cinsi əlaqənin tezliyi ilə depressiya əlamətləri arasında əlaqə araşdırılıb və depressiya ilə mübarizədə ideal tezlik müəyyən edilib.

E-saglam.az xəbər verir ki, Journal of Affective Disorders jurnalında dərc olunmuş araşdırmalar göstərir ki, müntəzəm cinsi həyat depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər. Amerikalı və Çinli alimlərin apardığı tədqiqata əsasən, həftədə ən azı bir dəfə cinsi əlaqədə olan şəxslərdə depressiyaya düşmə ehtimalı bu fəaliyyəti nadir hallarda həyata keçirənlərlə müqayisədə 24% daha azdır.
15.000 nəfər, 20–59 yaş arası amerikalı böyüklərin məlumatları təhlil edilib. Tədqiqat göstərib ki, yaş, sağlamlıq və maddi vəziyyət kimi amillər nəzərə alınsa belə, cinsi fəaliyyətin müntəzəmliyi daha pozitiv əhval-ruhiyyə ilə əlaqəlidir.
Həddindən artıq tezlik mənfi təsir edə bilər
Aparıcı tədqiqatçı Mutonq Çen bildirib: “Daimi cinsi əlaqə endorfin ifrazını artırır və emosional tarazlığa töhfə verir. Bu amillər narahatlıq və depressiya ilə mübarizədə mühüm rol oynayır”.
Araşdırma həmçinin xəbərdarlıq edir ki, həddindən artıq cinsi fəaliyyət (hiperseksuallıq) faydalı sayılmır. Alimlərə görə, həftədə bir və ya iki dəfə cinsi əlaqə psixi sağlamlıq üçün ideal hesab olunur. Bu tezlikdən sonra müsbət təsirlərin azalması mümkündür. Bu səbəblə, fərdlərə öz ehtiyac və rahatlıqlarına uyğun, balanslı cinsi həyat tərzi tövsiyə olunur.
Tədqiqatın diqqət çəkən digər tərəfi odur ki, cinsi fəaliyyətin tezliyi bəzi hallarda psixoloji pozuntuların ilkin əlaməti kimi qiymətləndirilə bilər. Xüsusilə gənclərdə və ya antidepresan istifadə edən xəstələrdə libido dəyişiklikləri həkimlər üçün vacib göstərici rolunu oynaya bilər.
Alimlər qeyd edirlər ki, psixi sağlamlıq qiymətləndirmələrində cinsi həyatla bağlı məlumatların da nəzərə alınması vacibdir.
Tərcümə: Könül Oruc