EN

Qurban Qurbanov: “Daha baxımlı oyun ola bilərdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesablı qələbəyə sevindikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çoxdandır “Azərsun Arena”da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir”.

Qurban Qurbanov ikinci hissədə meydana daxil olan 15 yaşlı müdafiəçi Amin Rzayevin çıxışına da münasibət bildirib:

“Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. “Zirə” ilə yoxlama oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır”.

Qurban Qurbanov Bəhlul Mustafazadə ilə bağlı əlavə açıqlamaya ehtiyac duymadı

Qurban Qurbanov ötən turda Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşməsi ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib:

“Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur”.

Ağdam klubunun çalışdırıcısı bu il çempionluğu necə qeyd edəcəklərinə dair sualı isə belə cavablandırıb:

“Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq. Bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm”, deyə Qurban Qurbanov bildirib.

“Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq. Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”.

Chosen
0
arena.az

1Sources