EN

"ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işi başa çatdırıb"

"Tramp Ukraynaya qarşı müharibədə nizamlanma səylərini Kremlə qəbul etdirməyə cəhd göstərir..."
 
Vaşinqton Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların hazırlanmasını başa çatdırıb, bunlara bank və enerji sektoruna yönəlmiş tədbirlər daxildir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumata görə, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə dair nizamlanma səylərini Kremlə qəbul etdirmək məqsədi ilə Vaşinqton Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayıb. Agentlik bu məlumatı üç ABŞ rəsmisinə və daha bir əlavə mənbəyə istinadən yayıb.
 
ABŞ administrasiyasındakı mənbənin sözlərinə görə, məhdudiyyətlər "Qazprom" enerji şirkəti, habelə Rusiyanın bank və təbii resurs sektorundakı iri oyunçuları hədəfə ala bilər.
 
Hazırda bu sanksiyalar paketi Ağ Evdəki Milli Təhlükəsizlik Şurası (MTŞ) səviyyəsində razılaşdırma mərhələsindədir. Sonda bu paketi prezident Tramp imzalamalıdır. Lakin "Reuters" qeyd edir ki, Trampın bu tədbirləri təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.
 
MTŞ sözçüsü Ceyms Hyuit bildirib: "Prezident əvvəldən atəşkəsin tam və hərtərəfli şəkildə əldə olunmasına sadiqliyini açıq şəkildə ifadə edib". O, əlavə edib ki, "hazırkı danışıqların detalları ilə bağlı şərh verilmir".
 
Rubio: Moskva və Kiyev kompromisdən hələ uzaqdır
 
ABŞ Dövlət katibi Marko Rubio mayın 1-də "Fox News" telekanalına açıqlamasında deyib ki, Rusiya və Ukrayna sülh razılaşması baxımından hələ kompromisdən uzaqdırlar.
 
Rubio əlavə edib ki, ABŞ prezidenti Donald Tramp yaxın zamanda münaqişə tərəfləri arasında vasitəçilik prosesini nə qədər davam etdirmək istədiyinə dair qərar verməlidir.
 
Vaşinqton və Kiyev arasında xammal razılaşması
 
Mayın 1-də Kiyev və Vaşinqton Ukraynanın bərpasına yönəlik investisiya fondu yaradılması barədə razılaşma imzalayıb. ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Temmi Bryus bu xammal sazişini "əhəmiyyətli bir mərhələ" adlandırıb.
 
Onun sözlərinə görə, bu, "Ukrayna və Amerika xalqları arasında tərəfdaşlıq"dır və Trampın arzuladığı əməkdaşlıq modelini təcəssüm etdirir. Bu addım həmçinin tərəflərin Ukraynada davamlı sülh və rifaha sadiqliyini göstərir.
 
Ekspert: Razılaşma Rusiya üçün vəziyyəti çətinləşdirir
 
Kremlə yaxın siyasi şərhçi Sergey Markov bildirib ki, bu xammal sazişi Ukraynaya təhlükəsizlik zəmanətləri verməsə də, "Rusiya üçün vəziyyəti çətinləşdirir". Onun fikrincə, "Trampla Zelenski arasındakı gərginliyin əsas səbəbi aradan qalxıb".
 
Markov əlavə edib ki, Vaşinqtonla Kiyev arasında gələcək əməkdaşlıq bu sənəddə dəqiq qeyd olunmasa da, ABŞ heç olmasa rəmzi olaraq "Ukraynanı müdafiə etmək öhdəliyi götürür, çünki indi Ukraynanın sahibi ABŞ-dır".
Chosen
0
moderator.az

1Sources