EN

Türkçülüyün Səssiz Gücü: 3 Mayın Ruhunda Dirilən Kimlik - Politoloq Ülkər Piriyeva » AzadMedia.az

Türkçülüyün

Politoloq Ülkər Piriyeva
Bakı, 3 may — Azadmedia.az


Hər millətin özünü tanıma, özünü ifadə etmə və gələcəyini qurma arzusu müəyyən bir ideologiyanın ətrafında bərkiyir. Türk milləti üçün bu ideologiyanın adı Türkçülükdür. Və bu ideologiyanın ən əlamətdar simvolik tarixlərindən biri 3 Maydır – Türkçülük Günü.
3 May 1944-cü ildə Türkiyədə yaşanan millətçi aydınların, o cümlədən Hüseyin Nihal Atsızın və digər Türkçü fikir adamlarının həbsi və bu hadisəyə qarşı başlanan etirazlar Türkçülük tarixində bir dönüm nöqtəsinə çevrildi. Həmin tarix təkcə bir siyasi hadisə deyil, Türk millətinin milli şüurunun, özünüdərkinin və ideoloji özünümüdafiəsinin müasir təcəssümüdür. 3 May illər sonra sadəcə bir xatirə deyil, eyni zamanda gələcək nəsillərə ötürüləcək milli yaddaşa çevrildi.
Bugün 3 May – yalnız Türkiyədə deyil, bütöv Türk Dünyasında milli düşüncənin, ortaq kimliyin və birlik idealının təntənəsidir. Bu gün, tarixi-siyasi sərhədləri aşaraq mənəvi sərhədləri birləşdirən Türk kimliyinin bayramıdır.

Ortaq Tarixə ortaq cavab

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Türk Dünyasının iki əsas sütunu olaraq 3 May Türkçülük Günü ilə bağlı milli ruhun yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində mühüm addımlar atır. Hər iki ölkənin təhsil, media və dövlət siyasətində Türk kimliyinə, ortaq tarixə və milli yaddaşa verdiyi önəm bu ideologiyanın yaşarlığını təmin edir.
Ölkəmizdə Türkçülüyə bağlılıq yalnız sözlə yox, əməli addımlarla da özünü göstərir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi, təkcə Azərbaycan–Türkiyə münasibətlərinin strateji dərinliyini təsdiqləmir, eyni zamanda ortaq milli idealların hüquqi-siyasi ifadəsinə çevrilir. Ortaq hərbi təlimlər, ortaq medianın inkişafı, ortaq tarix dərsliklərinin təşviqi və gənclərin Türk Dünyasına inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Türkiyə Cümhuriyyəti isə Türkçülüyü yalnız daxili ideoloji dayaqlarından biri kimi yox, həm də Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalarda yaşayan strateji prioritet kimi inkişaf etdirir. Türk Akademiyası, Türk Şurası, TÜRKSOY kimi institutların gücləndirilməsi, ortaq dil platformalarının təşkili, diaspor fəaliyyətlərində Türk kimliyinin qorunması və yayılması Türkiyənin Türkçülük ideologiyasına verdiyi real dəstəyin sübutudur.

3 May: Keçmişin Dərsi, Gələcəyin Çağırışı

Türkçülük sadəcə bir duyğu deyil; o, tarixi yaddaşa söykənən, amma gələcəyə baxan canlı və dinamik ideologiyadır. 3 May bu ideologiyanın həm mübarizə simvoludur, həm də milli özünüdərk meydanı. Bugün bu ideya yalnız şeirlərdə, kitabxanalarda deyil, dövlətlərin strateji qərarlarında, gənclərin düşüncəsində və xalqın ruhunda yaşayır.

Lakin unutmayaq ki, bu ideyanın gələcək nəsillərə sağlam və dolğun şəkildə ötürülməsi üçün yalnız rəsmi tədbirlər yetərli deyil. Məktəblərdə, universitetlərdə, ailə içində və cəmiyyətin hər qatında Türk kimliyi, dili, mədəniyyəti və mənəvi dəyərləri yaşadılmalıdır. 3 May bu baxımdan həm bir anım günü, həm də milli tərbiyə günüdür.
3 May Türkçülük Günü, Türk dünyasının ruhunu birləşdirən ideoloji körpüdür. Bu körpünü keçmək üçün hər Türk vətəndaşı öz içindəki milli məsuliyyət hissini daşımalıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirir. Amma bu bir başlanğıcdır – əsas məqsəd bu ruhu gələcək nəsillərə daşımaq və Türkçülüyü yalnız tarixdə deyil, gələcəyin siyasi və mədəni reallığında da yaşatmaqdır.

Chosen
0
27
azadmedia.az

10Sources