“O, özünü inandırdı ki, 2020-ci ildə o, seçkiləri udmuşdu və onun hakimiyyətə gəlməsinin qarşısını dövlət aldı. Nəticədə o, dövlətlə mübarizə aparmağa başladı...”
“Həm bir siyasi analitik, həm də neçə illər ABŞ-da yaşayan biri kimi Trampın yüzgünlüyünün tamamından sonra onun kimliyi və bu müddətdə gördüyü işlər haqda hansı nəticələrə gəldiniz?”
Bu sualla müraciət etdiyimiz siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında aşağıdakıları söylədi:
“Mən Trampın prezidentliyinin ilk yüzgünlüyünü tam uğursuz hesab edirəm. Bu 100 gün ərzində nələr baş verdi? Həmin müddətdə ABŞ-da dövlət institutlarının mütləq əksəriyyətinin əsasları sarsıdıldı. Bu 100 gündə Trampın rüsum siyasəti çox ciddi problemlərə səbəb oldu. Və bunun nəticəsi olaraq yalnız ABŞ-da deyil, bütün dünyada iqtisadi resessiya qaçılmaz bir reallığa çevrildi. Amerika dövlətinin düzəni laxladı...
Bəs Tramp kimdir? Tramp haqqında nə demək olar? Tramp sadəcə olaraq özünə vurğun bir insandır. Artıq yaşlı bir adamdır və əslində həyatı boyu heç bir sahədə ciddi uğur əldə etməmiş bir şəxsdir. İndi, bir çoxları deyir ki, o, milyarderdir- biznes qurub. Tramp biznesdə də uğursuz olub. Bəzi mənbələrə görə 3, digərlərinə görə isə, 6 dəfə müflis olub. Və onun sərvəti də öz əməyinin, qabiliyyətinin nəticəsi olmayıb- atasından qalıb. Yəni əslində Tramp seçki marafonuna qatılanda mən bilirdim ki, o ən yaxşı halda birinci prezidentlik dönəmində etdiklərini edəcək. Niyə ən yaxşı halda? Ona görə ki, o dövrdə onun düzənli komandadsı yox idi. İndi isə Trampın düzənli komandası var. Və çox təəssüf ki, həmin komanda dağıdıcı komandadır...
Yəni faktiki olaraq Tramp özünü inandırdı ki, 2020-ci ildə o, seçkiləri udmuşdu və onun hakimiyyətə gəlməsinin qarşısını dövlət aldı. Nəticədə o, dövlətlə mübarizə aparmağa başladı. Və özünün “Kanadanı 51-ci ştat etmək, Qrenlandiyanı, Panama kanalını ələ keçirmək” kimi populist bəyanatlarıyla, digər addımlarıyla və Ukrayna ilə bağlı kökündən yanlış mövqeyi ilə və ən nəhayət, onu dəstəkləyən hansısa bir milyarderlər klubunun maraqlarını təmin etmək məqsədi ilə faktiki olaraq Birləşmiş Ştatları təcrid vəziyyətinə gətirdi. Bu gün ABŞ onun ən yaxın müttəfiqləri olan Avropa ölkələrindən, Yaponiyadan, Cənubi Koreyadan xeyli məsafələşibdir. Və bu, mütləq öz fəsadlarını göstərəcəkdir. Hətta bu siyasət dayansa, Tramp geriyə çəkilsə belə, artıq o reallıq qaçılmazdır, o, baş verib artıq...”
Sultan Laçın