"Bir uğuru qazanmaq asan, onun ardını gətirmək isə çətindir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov MPL-də XXXIII turun "Turan Tovuz"a qarşı oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis qələbəni və gümüş medalı şərh edib:
"Stresli bir oyun idi. Biz qələbə qazanaraq 2-ci yeri rəsmiləşdirmək, rəqib isə 3-cü pilləyə çıxmaq istəyirdi. İlk 15-20 dəqiqədə "Turan Tovuz"un üstünlüyü olsa da, daha sonra oyunu balanslaşdırdıq. Düşünürəm ki, baxımlı qol vurduq. Qırmızı vərəqədən sonra tamam fərqli bir oyun getdi.
R.Sadıqov avrokuboklara növbəti dəfə vəsiqə əldə etmələrini dəyərləndirib:
"Bizim üçün bu il ikinci olmaq çox önəmlidir. Avrokuboklara 2-ci yerlə getmək gözəldir. Bundan sonrakı müddət bizim üçün avrokuboklara hazırlıq dönəmi olacaq. Qalan matçlarda daha az oynayan futbolçuları oynadacağıq. "Qarabağ" kimi komanda olan çempionatda ardıcıl iki il ikinci olmaq uğurdur. Qış fasiləsindən sonra stabil oynayan bir komanda idik. İkincilik bizim üçün çox önəmlidir".
O, kollektivdə ayrılıqların olmayacağını bildirib:
"Əlimizdə olan heyətlə bağlı ciddi təhlükə yoxdur. Bütün futbolçularla müqaviləmiz var. Bəlkə hansısa oyunçuya ciddi təklif ola bilər. Amma ümumən heyəti qoruyub-saxlayacağıq".