EN

Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...


Pərvanə Mustafayeva: “İldən-ilə apteklərin sayı çoxalır, peşəkar əczaçılar isə azalır”

Bu gün ölkədə apteklərin sayı normadan çoxdur. Bunu istənilən şəxs müşahidə edə bilər. Hətta elə yerlər var ki, bir binanın aşağı mərtəbəsində 3-4 əczəxana var. Apteklərin sayı artsa da, ortada rəqabət yoxdur. Apteklərin sayının çoxluğu məsələsi Milli Məclisdə də müzakirə olunub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, aptek bolluğu ciddi problemlər yaradır: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.

Ə.Əmiraslanovun qaldırdığı məlum məsələ ekspertləri də düşündürür. Onlar da bu gün Bakı şəhərində apteklərin sayının normadan çox olduğunu hesab edir. Onu da qeyd edək ki, apteklərdə çalışanların peşəkarlıq səviyyəsi tam deyil. Hətta dəfələrlə sosial şəbəkədə insanlar çox zaman əczaçılardan şikayətlənir. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır.

“Son illər apteklər şəbəkəsi göbələk kimi artır, bir binanın altında 3-4 əczəxana var, burda nə rəqabət, nə qazanc olacaq?”

Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ildən-ilə apteklərin sayı çoxalır, peşəkar əczaçılar isə azalır: “Əhliman müəllim, düz deyir son illər apteklər şəbəkəsi göbələk kimi artır. Bir binanın altında 3-4 əczəxana var. Burda nə rəqabət, nə qazanc olacaq? Aptek açmaq istəyən şəxs ilk növbədə “dərman vasitələrinin pərakəndə satışı” üçün lisenziya almalıdır. Lisenziya üçün müraciət edən şəxs üçün də bir neçə tələb var. Həmin şəxsin mütləq tibbi təhsili olmalı və fərdi sahibkar kimi qeydiyyata düşməlidir. İkinci mühim məqam aptek üçün yerin seçilməsidir. Aptekin fəaliyyət göstərəcəyi yerdə dərmanların saxlanılması üçün bütün lazımi şərait yaradılmalıdır. Orada sanitar qovşaq olmalı, kondisioner quraşdırılmalı, telefon xətti çəkilməli, preparatların yığılması üçün lazımi mebel (rəflər) quraşdırılmalıdır. Bunlardan başqa dərmanların saxlanılması üçün müxtəlif tempratur rejimində fəaliyyət göstərən soyuducu, ya da soyuducular lazımdır. Soyuduculardan başqa yanğınsöndürmə balonu və digər təhlükəsizlik tədbirləri də görülməlidir.Bu qaydalara əməl edən istənilən şəxs aptek aça bilər. Aptek üçün qaydalar sərtləşməlidir. Bu məsələ ilə bağlı qaydalar dəyişməlidir, lisenziya hər kəsə verilməməlidir. Nəzərə almaq lazımdır ki, aptekə ərzaq almağa yox, sağlamlığın bərpası üçün dərman almağa gəlirlər”.

Ekspert onu da əlavə etdi ki, əczəxana sayı Bakı əhalisi sayına görə çoxdur. Apteklərdə çalışan şəxslərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır: “Ümumiyyətlə, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. İxtisaslı kadr çatışmır.Əczaçıların peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq seminarların təşkil olunması vacibdir”.

Günel CƏLİLOVA

Chosen
0
baki-xeber.com

1Sources