Bu gün Ukrayna ərazisində 2022-ci ilin fevralında olduğundan təxminən iki dəfə çox - ən azı 600 min Rusiya işğalçısı var. Lakin bu da həmin ölkə ərazisini tamamilə işğal etmək üçün kifayət deyil.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə "Forbes" yazır.
Analitik Devid Aksın proqnozuna görə, indiki irəliləyiş tempi ilə Rusiyaya Ukraynanı tamamilə ələ keçirmək üçün əsrlər və on milyonlarla qurban lazımdır.
Ekspert proqnozlaşdırır ki, “indiki hücum və itki sürəti ilə ruslar yalnız 2256-cı ildə 101 milyon qurban bahasına Ukraynanın qalan hissəsini ələ keçirə bilərlər. Rusiyanın hazırkı əhalisi 144 milyon nəfərdir”.
Rusiya artıq kadr və texnika baxımından heyrətamiz itkilərə məruz qalıb. Amma onlar hələ də Ukraynadakı işğalçı qüvvələrin iflasına gətirib çıxarmayıb.
Rusiya Federasiyası öz qoşunlarını minlərlə mülki maşınla təmin edir: skuterlər, avtomobillər, kompakt avtobuslar. Bundan əlavə, təcavüzkar hər ay 30 min insanı səfərbər edir və çoxlu sayda yaralı cəbhə xəttinə qayıdır.
ABŞ-ın Avropadakı ordusunun komandanı, general Kristofer Kavoli vurğulayıb ki, Ukraynadakı rus qoşunlarının sayı yalnız artmaqdadır, bu gün onlar sayı ən azı 600 min əsgərdən ibarətdir. Onun sözlərinə görə, bu, “bütün müharibə üçün ən yüksək göstəricidir” və “ilkin işğalçı qüvvələrin sayından demək olar ki, iki dəfə çoxdur”.
Xatırladılır ki, martın sonu - aprelin əvvəllərində ruslar cəbhədə fəallaşaraq Ukraynanın yeni ərazilərini ələ keçirməyə başlayıblar. Analitiklərin fikrincə, bu ilin aprelində düşmən Ukrayna ərazisinin 175 kvadrat kilometrini işğal edib.
Müharibəyə təminatı davam etdirmək üçün Rusiya prezidenti Vladimir Putin keçən il şəxsi və korporativ vergiləri artırıb.