Türkiyədə toya dəvət olunmayan bir şəxs toyda qonaq kimi iştirak edərək yığılan pulu oğurlayıb qaçıb.
Publika.az xəbər verir ki, qəribə hadisə aprelin 27-si Sarıçam rayonunun Yıldırım Beyazıt məhəlləsindəki şadlıq sarayında baş verib.
4 uşaq atası olan Sinan E. adlı şəxs əvvəlcə qonaq qismində iştirak edərək rəqs edib, əylənib, tort da yeyib. Daha sonra qızıl-zinət əşyaları taxma mərasimi zamanı əşyaların anonsunu edən şəxsə kömək də edib.
Bunun ardından gizlincə pulların atıldığı qutudan 40 min lirə (təxminən 1700 manat) götürüb. Hətta pulu götürdükdən sonra bəylə gəlinə su və yemək də təklif edib. Daha sonra gizlincə oradan uzaqlaşıb.
Evə qayıtdıqdan sonra zinət əşyaları və pulları sayan cütlük pulun bir miqdarının itdiyini anlayıb. Toyun kamera görüntülərinə baxdıqda Sinan E.-ni heç kimin tanımaması ilə məlum olub ki, oğru odur.