EN

Gürcüstan Milli Muzeyinin rəsmisi: “Borçalı xalçaları dünya bazarında böyük maraqla qarşılanır”

Hazırda Borçalı xalçaları dünya bazarında olduqca böyük maraqla qarşılanır.

"Report" xəbər verir ki, bunu Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyalarının kuratoru, professor İrina Koşoridze Bakıda beynəlxalq xalça festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, xalçaşünas Latif Kərimovun təsnifatına əsasən, Borçalı xalçaları Qazax məktəbinə aid edilir: “Bununla belə, onların dizayn xüsusiyyətləri və texniki elementləri Azərbaycanın digər xalça bölgələrindən olan nümunələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Borçalı xalçaları yüksək keyfiyyətli yunla, əl işçiliyi ilə və əsasən təbii boyalarla hazırlanır. Onların ən xarakterik xüsusiyyətləri sıx ilmə texnikası, parlaq rəng palitrası və simvolik ornamentlərdir".

O əlavə edib ki, Borçalı xalçaları Sovet İttifaqının dağılmasından sonra, xüsusilə xalçaçılıq ənənələrinin yenidən canlanması fonunda, populyarlıq qazanmağa başlayıb: “Bu xalçalar 2001–2003-cü illərdə beynəlxalq bazarda tanınmağa başlanıb. Onlar təkcə kommersiya məhsulu deyil, həm də muzey kolleksiyalarına daxil olan mədəni irs nümunələri kimi beynəlxalq aləmdə təqdim olunur".

Chosen
0
report.az

1Sources