İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə aparılması münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin edən əsas sütunlardan biridir. Azərbaycan və İran beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin mövqelərini dəstəkləyir.
Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı kontekstində İran və Azərbaycanın əlaqələndirilmiş fəaliyyəti regionun tranzit potensialının tam reallaşdırılmasına şərait yaradır. Ölkəmizin ərazisində bu dəhliz üzrə müasir nəqliyyat infrastrukturu yaradılıb və yük həcmi ilbəil artır. Hazırda İran ərazisində infrastrukturun genişləndirilməsi ilə bağlı aparılan işlər birgə logistik imkanların daha səmərəli istifadəsinə şərait yaradacaq. Dövlətimizin başçısı vurğulayıb ki, istər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq".