EN

Ötən ay Avropa İttifaqı rekord həcmdə LNG idxal edib

BAKI, 2 may. TELEQRAF

Bu ilin aprel ayında Avropa İttifaqı mayeləşdirilmiş təbii qaz (LNG) idxalını rekord səviyyəyə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastrukturu (GIE) məlumat yayıb.

Məlumata görə, aprel ayında Avropa terminallarından Aİ-nin qaz nəqli sisteminə daxil olan LNG həcmi təxminən 12,8 milyard kubmetr təşkil edib. Bu göstərici mart ilə müqayisədə 1%, 2024-cü ilin aprel ayına nəzərən isə 20% artım deməkdir.

Apreldə qeydə alınan bu göstərici mart ayına qədər olan maksimum həcmi – 12,7 milyard kubmetri keçib.

Qeyd edək ki, yanvar-aprel aylarını əhatə edən dövrdə isə Avropa qaz nəqli sisteminə ümumilikdə 46,8 milyard kubmetr LNG tədarük olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.

Qaz üzrə Ötürmə Sistemləri Operatorlarının Avropa Şəbəkəsinin (ENTSOG) aprelin 29-a olan məlumatına görə, 2025-ci ildə Avropanın qaz təchizatında LNG-nin payı 33,6%-ə çataraq birinci yerə yüksəlib. İkinci yeri 27,2%-lə anbarlardan qaz hasilatı, üçüncü yeri isə 22,2%-lə Şimal dənizindən, əsasən Norveçdən qaz tədarükü tutur

Şərqdən, o cümlədən Rusiyadan və Ukraynadan daxil olan qaz tədarükünün ümumi payı isə toplam 3,8% təşkil edib. Şimali Afrikadan qaz tədarükü 8,2%, Böyük Britaniyadan 2,3%, Azərbaycandan isə 2,8% səviyyəsində olub.

Chosen
0
teleqraf.com

1Sources