EN

Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...


Rizvan Hüseynov: “Mədəni əlaqələrin inkişafı sonrakı neqativ halların qarşısını nisbətən alır”

"…Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”. Bu fikirləri aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla mətbuata birgə bəyanatında deyib.

Məlum olduğu kimi, İran bizim istər tarix mədəniyyət abidələrimizə, irsimizə sahib çıxmağa çalışır, Nizami Gəncəvini “fars şairi” kimi qələmə verir və sair.

Yeni əməkdaşlıq mədəniyyət və incəsənət sahəsində indiyə qədər mövcud olan başqa problemlərin, xoşa gəlməz təzahürlərin aradan qaldırılmasında necə rol oynayacaq? Mədəniyyət sahəsində yeni əməkdaşlıq bu sahədə mövcud problemləri necə aradan qaldıra bilər?

“Yumşalmanın əsas şərtlərindən biri də məhz mədəniyyəti təbliğ etməkdir”

Qafqaz Tarixi Mərkəzinin rəhbəri, politoloq Rizvan Hüseynov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əslində, çox məsələlər dəyişib: “Son beş ildə Azərbaycan istər Cənubi Qafqazda, istərsə də ətraf regionlarda geosiyasi vəziyyəti tam dəyişdi. Həm 44 günlük müharibədə qazanılan qələbə, həm sonrakı hadisələr, bir günlük antiterror əməliyyatı və sair Azərbaycanı tam olaraq nəinki regionda, hətta Yaxın Şərqdə ciddi bir gücə çevirir. Ona görə də bu rellığı həm İran, həm də başqa ölkələr yaxşı anlayır.

Təkcə İran deyil, Azərbaycana qarşı açıq və gizli fəaliyyət göstərən başqa ölkələr də var.

Ancaq buna baxmayaraq mədəniyyət sahəsi həmişə belə münasibətləri yumşaltmaq üçün olan bir vasitədir. Azərbaycan İran münasibətlərində gah gərginlik olur, gah da yumşalma. İndi gərgin vəziyyət qurtarıb. Yumşalmanın əsas şərtlərindən biri də məhz mədəniyyəti təbliğ etməkdir. Əlaxüsus da mədəniyyətimiz ümumidir. Biz iki xalq əslində eyni tarix yaşamışıq. Eyni mədəniyyəti qorumaq üçün sabitliyi, iki ölkə arasında olan maraq və iqtisadi layihələri gücləndiririk. Yəni bu məsələlərdə ən gözəl vasitə humanitar layihələrdir”.

R.Hüseynov qeyd etdi ki, mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat, söz və sənət adamları ölkələr və xalqlar arasında daha ciddi bağlar yaradır. “Mədəni əlaqələrin inkişafı sonrakı neqativ halların qarşısını nisbətən alır. O baxımdan, çox gözəl olardı ki, iki ölkə arasında yenə də qarşılıqlı sərgilər, mədəniyyətlərin nümayişi həyata keçirilsin. Əslində bu İranda yaşayan azərbaycanlılara çox güclü təsir edir. Gözəl anlayırıq ki, İranın əsasən bizə münasibəti xoş deyil, xalqımız da bunu gözəl anlayır. Amma İrandakı soydaşlarımız bizə ümidlə baxır. Hər tədbirimiz, hər atdımız addım onlar üçün bayramdır. O baxımdan hesab edirəm ki, İrandakı soydaşlarımıza humanitar sahədə layihələrimizi təqdim etməyimiz çox vacib, gərəklidir” - deyə R.Hüseynov bildirdi.

İradə SARIYEVA

Chosen
0
baki-xeber.com

1Sources