EN

Bank kartlarındakı pulun sığortalanması mümkündür?...


Əkrəm Həsənov: “Hansısa sığorta şirkətinin vətəndaşın kart hesabındakı vəsaiti sığortalaması real görünmür”

Texnologiyanın inkişafı həyatımızı asanlaşdırdığı qədər özü ilə bərabər modern problemlər də yaradır, məsələn, kiberhücumlar kimi. Məlumdur ki, son zamanlar kiberhücumlar artmaqda davam edir. Hər gün insanların kartlarından müxtəlif məbləğdə pul vəsaitləri oğurlanır.

Təəssüfedici məqam odur ki, oğurlanan vəsait sahibləri uzun müddət maddi çətinliklə üzləşirlər. Maraqlıdır, vətəndaşların maddi zərərini minimuma endirmək mümkündürmü? Ümumiyyətlə, bu zaman sığorta tətbiq oluna bilərmi?

“Necə ki, evin açarını heç kimə vermirik, bank kartı nömrəsini də heç kimə verməməliyik, bu təhlükəsizlik məsələsidir”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində, bank kartlarından vəsaitin oğurlanması halları çox vaxt vətəndaşların öz günahı ucbatından olur: “Vətəndaşlar bilməlidir ki, kart məlumatlarını kiməsə vermək olmaz. Oğurlanan vəsaitin geri qaytarılması mümkünsüz olur”.

Həmsöhbətimiz şəxsi pul vəsaitinin sığortalanmasına gəlincə, bildirdi ki, bu zaman vətəndaş və sığorta şirkəti arasında bəzi anlaşılmazlıqlar yarana bilər: “Vətəndaş kiminləsə əlbir olub, guya dələduzluğa məruz qaldığını da deyə bilər. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, inanmıram ki, hansısa sığorta şirkəti vətəndaşın kart hesabındakı vəsaiti sığortalasın. Ümumiyyətlə, belə bir sistemin yaradılması real görünmür. Ancaq o da məlumdur ki, yerli banklarda 100 min manatadək olan əmanətlər istənilən halda sığortalanır. Milli valyutada yerləşdirilən əmanətin faiz dərəcəsi 12%-i, xarici valyutada isə 2.5%-i keçmirsə, o zaman bu vəsait tam şəkildə sığortalanır. Lakin vətəndaşın şəxsi səhlənkarlığı səbəbindən hesabdan pul çıxarılırsa, bu artıq bankın məsuliyyəti çərçivəsinə daxil deyil. Necə evin açarını heç kimə vermiriksə, bank kartı nömrəsini də heç kimə verməməliyik. Bu təhlükəsizlik məsələsidir. Vətəşdaşlar bilməlidir ki, bank heç zaman telefonla məlumatlar istəməz. Yaxud da tanınmamış bir sayta girirlər və nəsə alarkən kart məlumatlarını orada qeyd edirlər. Sonra da deyirlər, kartdan pulumuz çıxarılıb”.

Günel CƏLİLOVA

Chosen
0
baki-xeber.com

1Sources