4 mayda Azərbaycanda "Wings for Life World Run" qlobal xeyriyyə tədbiri yenidən keçiriləcək.

Offsideplus.az xəbər verir ki, qaçış bu il də App Run (tətbiq) formatında baş tutacaq və Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanının qarşısından, yerli vaxtla saat 15:00-da start veriləcək. Beynəlxalq tədbirin məqsədi onurğa beyni zədələrinin müalicəsinə yönəlmiş elmi tədqiqatlara dəstək olmaqdır. "Wings for Life World Run" həm qaçanlar, həm də əlil arabasında iştirak edənlər üçün nəzərdə tutulmuş unikal bir qlobal qaçışdır. Bu iştirak haqqının 100%-i bilavasitə Wings for Life fonduna köçürülərək bu sahədə aparılan həyati əhəmiyyətli klinik tədqiqatların maliyyələşdirilməsinə sərf olunur. Qaça bilməyən milyonlarla insan üçün ümid olmaq, onların həyatına təsir etmək bu yürüşün əsas məqsədini təşkil edir.

Yürüşün ən fərqli cəhəti ənənəvi finiş xəttinin olmamasıdır. Qaçış başladıqdan 30 dəqiqə sonra virtual yaxalama avtomobili (Catcher Car) iştirakçıların arxasınca hərəkətə keçir və getdikcə sürətlənərək onları "yaxalayır". Avtomobil sənə çatdığı anda isə sənin şəxsi finişin sayılır.

Yürüşdə iştirak etmək istəyənlər “Wings for Life World Run” mobil tətbiqini smartfonlarına yükləyərək qeydiyyatdan keçə bilərlər. 

Tətbiq həm iOS, həm də Android cihazlar üçün ödənişsiz şəkildə əlçatandır.

 İştirakçılar tədbirə qoşulduqdan sonra tətbiq vasitəsilə həm marşrutlarını izləyə, həm də virtual yaxalama avtomobilinə qarşı nə qədər irəlilədiklərini görə biləcəklər.

Wings for Life World Run tədbiri inklüziv formatı ilə seçilir və fiziki hazırlıq səviyyəsindən, yaşdan və bacarıqdan asılı olmayaraq hər kəsin iştirakına açıqdır. Qaçmaq, yerimək və ya əlil arabasında qoşulmaq mümkündür – əsas olan bir məqsədə birləşməkdir: qaça bilməyənlər üçün qaçmaq.

Əlavə məlumat və qeydiyyat üçün:

redbull.az/wflwr

Tədbir tarixi: 4 may 2025

Saat: 15:00 (yerli vaxtla)

Məkan: Bakı Dənizkənarı Bulvarındakı Bayraq Meydanı