EN

Litva millisinin baş məşqçisi Prezident Kubokunun üstünlükləri və çatışmazlıqlarından danışdı

MİNGƏÇEVİR, 1 may. TELEQRAF

“Yarışın təşkilatçılığını çox bəyəndim”.

Teleqraf xəbər verir ki, bunu avarçəkmə və kanoe üzrə Litva yığma komandasının baş məşqçisi Rimas Sukatskas Mingəçevirdə keçirilən “Prezident Kuboku-2025” turniri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, ilk dəfədir Azərbaycana səfər etdiyini bildirib: “Özüm həm də federasiyanın rəhbər şəxslərindənəm. Buradakı yarışın hansı səviyyədə olduğuna baxmaq istəyirdim. Yarışın təşkilatçılığını çox bəyəndim, hər şey yaxşı düşünülüb. Bu qədər ölkənin iştirak etməsi maraqlıdır”.

O, yarış məkanında çatışmazlıqların olduğunu da diqqətə çatdırıb: “Açığı, düzəldilməli olan detallar var. Start və finiş xətti sistemi mövcud deyil. Həmçinin, 9 xətli yarış zolağı da yoxdur. Start zamanı 5-10 saniyəlik gecikmə olur”.

Baş məşqçi Azərbaycana əvəzedici komanda ilə gəldiklərini söyləyib: “Buraya Litvanın 2-ci komandası ilə gəlmişik. Onlar 1 aydır avar çəkirlər. Portuqaliya və Türkiyədəki turnirlərdə çıxış edən, nəticəsi olan əsas komanda Avropa çempionatına hazırlaşır. Bura gəlməkdə əsas məqsədimiz mövcud durumu izləmək və növbəti mövsümdə əsas komandanın hansı uğurlara imza ata biləcəyini görməkdir”.

Sukatskas Azərbaycanda avarçəkmə idmanın növünə böyük maraq olduğunu vurğulayıb: “Avarçəkməyə necə yanaşdığınıza baxsaq, bu idman növünə marağınızın olduğunu görmək mümkündür. Ümid etmək olar ki, hər növbəti ildə daha da inkişafa nail olunacaq. Sizin millinin məşqçilərindən maraqlanmışam: Burada cəmi 2 əsas mərkəz var. Digərləri çox da peşəkar deyil. Amma ümumi götürsək, hər şey normaldır”.

Chosen
0
teleqraf.com

1Sources