EN

Kollegial idarəçilik, yoxsa regionçuluq? - Ədalət Partiyasında qalmaqalın kökündə nə dayanır?

BAKI, 1 may. TELEQRAF

İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasında sədrlik uğrunda mübarizədə qalmaqal səngimək bilmir. Partiyanın sədr müavini Mütəllim Rəhimli və Ali Məclisin sədri Meydan Babayev arasında gərginlikdə regional motivlərin əhəmiyyətli rol oynadığı iddia edilir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli regionçuluqla bağlı səslənən fikirləri şərh edib.

Onun fikrincə, bu cür tendensiyalar Ədalət Partiyası ilə yanaşı ümumilikdə cəmiyyətimiz üçün zərərlidir: “Bizim partiyadakı mübarizəyə gəldikdə, Meydan Babayevin dəstəklədiyi şəxslərin ikisi - Vüsalə Dadaşova və Elçin Qurbanov tovuzludur. Ona görə burada regionçuluqla bağlı səslənən iddialar o qədər də əsaslı deyil. Regionçuluq əsas motiv olsaydı, o adamlar tovuzlu olaraq mənim tərəfimdə dayanardılar. Həmin iki şəxs partiya sədrliyinə iddialıdırlar və Meydan bəylə birlikdə mənə qarşı mübarizə aparırlar”.

Mütəllim Rəhimliyə görə, indiki halda regionçuluq barəsində danışmaq zərərli ideyadır: “Əsası olmayan fikirlərin ortaya atılması siyasi mübarizədə heç kəsə divident gətirməyəcək. Rəqabət mühitində ağına-bozuna baxmadan rəqibi ləkələmək üçün ən müxtəlif fikirləri ortaya atmaqla uğur qazanmaq mümkün deyil”.

Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev isə bildirib ki, Mütəllim Rəhimlinin partiyadan çıxarılmasının səbəblərindən biri də regionçu təbliğat aparması olub.

Məclis sədri bildirib ki, Ədalət Partiyasının rəhbərliyində ölkəmizin bütün regionlarını əhatə edən insanlar təmsil olunur: “Mütəllim Rəhimlidən fərqli, partiyadakı bütün rəhbərlik kollegial idarəçiliyin tərəfdarıdır. Partiyada hazırda heç bir daxili rəqabət yoxdur və Mütəllim bəydən savayı heç kəs sədrlik uğrunda mübarizə aparmır. İlyas bəydən sonra lider boşluğunu nəzərə alaraq partiyanın bütövlüyünü təmin etmək məqsədi ilə keçid dövrü üçün minimum iki il müddətinə kollegial idarə formasını məqbul hesab edirik. Vüsalə xanım, Elçin bəy, Mehman bəy, mən və partiyanın digər strukturları eyni mövqedidr. Kollegial idarəçiliyin əleyhinə çıxan yeganə şəxs Mütəllim Rəhimlidir”.

Chosen
0
teleqraf.com

1Sources