Almaniyanın avtomobil istehsalıçısı olan “Volkswagen” (VW) şirkəti 2025-ci ilin birinci rübündə əməliyyat mənfəətini 1,6 dəfə azaldıb, gəlirini isə 3% artırıb.
İndex.az şirkətə istinadən xəbər verir ki, hesabat rübündə VW-nin əməliyyat mənfəəti 2,87 milyard avro təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 4,55 milyard avro olub.
Əməliyyat rentabelliyi 6%-dən 3,7%-ə düşüb. Əməliyyat mənfəətinin azalması, xüsusilə, ümumilikdə 1,1 milyard avro təşkil edən birdəfəlik xərclərlə bağlıdır.
VW-nin rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 75,46 milyard avrodan 77,56 milyard avroya yüksəlib.
VW 2025-ci il üçün proqnozlarını da təsdiqləyib. Şirkət qeyd edib ki, bir sıra amillər, o cümlədən ticarət məhdudiyyətləri, rəqabətin artması və emissiya tələblərinin sərtləşdirilməsi onun göstəricilərinə mənfi təsir göstərə bilər. Şirkət bu il gəlirlərin 5% artacağını, əməliyyat rentabelliyinin isə 5,5-6,5% səviyyəsində olacağını gözləyir. Bu proqnoz idxal rüsumlarının mümkün nəticələrini nəzərə almır.
2025-ci ilin əvvəlindən VW-nin kapitallaşması 9,3% artıb.