EN

Mahir Emreli qoruyucu şinlə məşqə çıxdı

Almaniya 2-ci Bundesliqasının son turunda “Fortuna” ilə görüşdə zədələnmiş “Nürnberq”in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Düsseldorf təmsilçisi ilə görüşdə əlindən zədə almış 28 yaşlı hücumçu komandasının dünənki məşqinə qatılmamışdı. Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməsə də, bu gün Emreli qoruyucu şinlə komanda ilə birlikdə məşqə qatılıb. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 22 rəsmi matça çıxıb, 8 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Nürnberq” cari mövsümdə 31 oyuna topladığı 45 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 6 heç-heçə edib, 12 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını mayın 4-də evdə “Elversberq”ə qarşı keçirəcək.

Chosen
0
1
arena.az

10Sources