BAKI, TurkicWorld
Şərqi Qüdsdə Məscidül-Əqsaya polis müşayiəti ilə basqın edilib.
TurkicWorld xəbər verir ki, işğal altındakı Şərqi Qüdsdə fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Məscidül-Əqsa kompleksinə daxil olaraq dini ayinlər icra ediblər.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, basqın zamanı Qaya günbəzi qarşısında “Talmudik” ayinlər yerinə yetirilib.
Hadisə zamanı İsrail qüvvələri Məscidül-Əqsanın qapılarında və Şərqi Qüdsün girişlərində nəzarəti gücləndirib, fələstinli müsəlmanların girişinə məhdudiyyətlər tətbiq edib.
Qeyd edək ki, 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh sazişinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin nəzarətindədir. Lakin 2003-cü ildən etibarən israilli qruplar bu müqəddəs məkanlara İslam İdarəsinin razılığı olmadan, İsrail polisinin müşayiəti ilə daxil olur.
Qüds İslam Vəqfləri bu gediş-gəlişləri basqın kimi qiymətləndirir və bunun müsəlmanların Məscidül-Əqsa üzərindəki suverenliyinə zidd olduğunu bildirir.
Həmçinin, israilli qruplar “Süleyman məbədinin qalıqlarının həmin ərazidə yerləşdiyini” iddia edərək kompleksin altında qazıntılar aparır. İsrail hökuməti isə Məscidül-Əqsa kompleksində tarixi status-kvonun qorunduğunu bəyan etsə də, fanatik qrupların polis himayəsi ilə dini ayinlər keçirməsi mübahisələrə səbəb olur.