EN

Türkiyədə Heydər Əliyev adına fəlakətə davamlı məktəb istifadəyə verilib

BAKI, TurkicWorld

Zəlzələdən sonra Kahramanmaraşda Heydər Əliyev adına fəlakətə davamlı məktəb tikilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə Azərbaycanın əməkdaşlığı nəticəsində 6 fevral 2023-cü ildə baş verən zəlzələdən sonra Kahramanmaraşda Heydər Əliyev adına İbtidai məktəb inşa olunub.

Zəlzələdə zərər görmüş Sezai Karakoç İbtidai məktəbinin yerində tikilən yeni təhsil ocağı TOKİ və Azərbaycan tərəfinin dəstəyi ilə reallaşdırılıb.

Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, elm, texnologiya və musiqi emalatxanaları, kitabxana, idman zalı, tibb otağı və uşaq oyun meydançaları yer alıb.

Nazir Murat Kurum məktəbin görüntülərini sosial media hesabında paylaşaraq, “Əsrin fəlakətindən sonra uşaqlarımız üçün fəlakətə davamlı, təhlükəsiz bir məktəb tikdik. İndi onların sevinci dəhlizlərdə əks-səda verir” deyə qeyd edib.

Qeyd edək ki, məktəb 16 ayda tamamlanıb. Məktəbin direktoru Murat Dəmirçinin sözlərinə görə, yeni bina müasir dizaynla, yüksək dayanıqlılıq standartlarına uyğun inşa olunub: “Hazırda məktəbdə 400 şagird təhsil alır. Məhəllədə yaşayış tam bərpa olunduqdan sonra bu rəqəmin 1500-ə çatacağı gözlənilir.”

Chosen
1
turkic.world

1Sources