Son 20 ildə marketlər şəbəkəsi sosial həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu da təsadüfi deyil. Çünki marketlər şəbəkəsi sosial layihədir. Bunu biz demirik, tarixi reallıqlar təsdiq edir.
Yada salaq ki, 100 il öncə dünyanın aparıcı ölkələri iqtisadi böhran yaşayırdı. Bu dövrdə bəzi hökumətlər əhalinin az təminatlı hissəsinin gündəlik məhsullara olan tələbatını ödəmək üçün şəbəkə ticarətinin yeni formulunu yaratdılar.
Məsələn, ABŞ “Böyük Depressiya”dan çıxmaq üçün az xərclər tələb olunan yeni ticarət formasını tapdı. 1929-cu ildə ABŞ-dan olan kommersantlar əhalinin kasıb təbəqəsi üçün olan məhsulların qiymətini azaltmaq üçün ilk olaraq diskaunterdə özünəxidmət formasını tətbiq etdilər. Onlar bununla da alıcıya xidmət göstərən personalı azaltdılar.
Qeyd edək ki, ilk dəfə ticarət şəbəkələrini də amerikalılar təsis ediblər (1922-1923-cü illər). 1930-cu ildə isə hipermarketlər yaradıldı.
Fransızlar və hollandlar həmin vaxtlarda şəhər kənarında iri mağazalar tikməyə başladılar. Bu gün də brend olan “Carrefour”, “Cora”, “Castorama”, “Heroy”, “Merlin” və s. şəbəkələr beləcə meydana çıxdı.
Almaniya, Fransa, Norveç, Hollandiya, İspaniya, baltikyanı və digər ölkələrdə marketlərin şəbəkələşməsi ümumi pərakəndə bazarının 90-95% hissəsini tutur. Türkiyədə bu göstərici 55-60%, Rusiyada 55%-ə qədərdir.
Pərakəndə ticarətin üstünlükləri:
- Kiçik və orta sahibkarlara(KOS) daha böyük bazarlara çıxış imkanı verir,
- Qiymətlərin optimallaşmasına yardım edir, rəqabəti gücləndirir
- Nağdsız ödənişi təşviq edir,
- İstehlakçının seçim imkanlarını artırır.
Azərbaycanda mövcud vəziyyət
Kiçik və Orta sahibkarların(KOS) inkişafında xüsusi rolu olan parakəndə ticarətin həcmi ölkəmizdə İlbəil artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 14,6 milyard manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artım deməkdir.
Qeyri-dövlət sektoru isə ümumi dövriyyənin 99,8%-ni təşkil edib və əvvəlki ilə nisbətən 3,8% artıb.
Müəssisələr: Satış 8,1% artıb.
Fərdi sahibkarlar: Satış 1,4% artıb.
Bazar və yarmarkalar: Satış 3,5% artıb.
Rəsmi rəqəmlər göstərir ki, 2025-ci ilin ilk rübündə pərakəndə ticarət dövriyyəsi artıb.
Xüsusilə qeyri-ərzaq mallarına tələbat daha sürətli artım göstərib (6,3%). Əhalinin əsas xərcləri ərzaq məhsullarına (51%) və geyim-ayaqqabıya (14,9%) yönəlib. Ticarətdə ən dinamik artım şəbəkə müəssisələrində (8,1%) qeydə alınıb.
Rəqəmlərdəki dinamika göstərir ki, şəbəkə sistemi sosial-iqtisadi həyatımızda aparıcı qüvvəyə çevrilir. Bu təsadüfi deyil. Çünki bu sistem çox sayda innovasiyaları və maraqlı layihələri özündə ehtiva edir.
Ən əsası kiçik və orta sahibkarlığın inkişafında pərakəndə sektor mühüm rol oynayır. Bu sektor iqtisadiyyatın can damarı sayılır və KOS-ların inkişafına əvəzsiz töhfə verir.
Bazara çıxış imkanı
Məlumdur ki, kiçik və orta sahibkarların xarici bazara çıxışı o qədər də asan deyil. Ona görə də KOS-lar əsasən yerli bazar üçün məhsul istehsal edir. Bəzi hallarda nəqliyyat, dövriyyə vəsaiti problemlərinə görə KOS-lar yerli bazarda layiqincə təmsil oluna bilmirlər. Bax, pərakəndə sektor KOS-ların məhsullarını birbaşa istehlakçılara təqdim etmək imkanı yaradır. Bu, onların bazar payını artırmasına və gəlir əldə etməsinə şərait yaradır.
Təsadüfi deyil ki, hazırda parakəndə ticarət şəbəkələrində yerli məhsullar daha çox təqdim edilir.
Yeni iş yerlərinin yaradılması
Bu gün pərakəndə ticarət iş axtaranlar üçün ən əlçatan və uğurlu bir platformadır. Məlumdur ki, pərakəndə ticarət sahəsi çoxsaylı iş yerləri yaradır. Məsələn, ABŞ-da pərakəndə satış sektorunda 8 milyondan çox qadın və 4 milyona yaxın gənc işçi çalışır. 2023-cü ildə Böyük Britaniyada yeni pərakəndə satış işlərinin 52%-i 25 yaşdan kiçik işçilər tərəfindən həyata keçirilib. Kanadada isə qadınlar pərakəndə işçi qüvvəsinin 48%-ni təşkil edir.
Bu mənzərə ölkəmizdə də təqdirəlayiqdir. Xüsusilə, orta təhsilli qadınlar üçün bu sistem böyük fürsətlər açır. Maraqlıdır ki, pərakəndə ticarət sistemi çox sayda gənclər üçün uğurlu karyera qurmağa yardımçı olur. İxtisasından və təhsilindən asılı olmayaraq burada gənclər öz bacarıqlarını inkişaf etdirə bilirlər. Ən əsası bu sistem marketinq və menecmentlik işində gənclər üçün unikal platformadır.
Rəqabət mühiti və innovasiya
Pərakəndə sektor güclü rəqabət yaradır. Rəqabətsə həm KOS-lar, həm də ticarət şəbəkələri arasında gedir. Bu ticarət zəncirinin halqası olan həm KOS-lar, həm də marketlər istehlakçıya daha keyfiyyətli və nisbətən ucuz məhsul təqdim etmək üçün daima yarışır. Bütün iştirakçılar çalışırlar ki, məhsulları daha keyfiyyətli və çeşidləri çox olsun. Bunun üçün də yeni ideyaların tətbiqi artır, müştəriyönümlü xidmətlərin sayı çoxalır.
Bu mənada pərakəndə sektor istehsalın təşviqi üçün ən yaxşı platformadır. Pərakəndə sektorda bazara yeni çıxan məhsulu daha yaxşı tanıtmaq üçün müxtəlif kampaniyalar təşkil edir. Belə layihələr çərçivəsində müəyyən mallara endirimlər edilir və yaxud hədiyyə, uduş kampaniyaları təşkil edilir. Nəzərə alaq ki, KOS-ların heç də hamısı öz mallarını reklam etdirmək gücündə deyil. Bunun üçün kifayət qədər çox vəsait tələb olunur. Lakin pərakəndə sektor bu məsələni çox asanlıqla və uğurla həll edə bilir.
Təchizat zəncirinin genişlənməsi
Pərakəndə satış şəbəkəsi geniş rəqabət mühiti yaradır. Bunun hesabına da bazara yeni oyunçular çıxardılır. Hər bir KOS subyekti çalışır ki, bu sistemdə davamlı və dayanıqlı yerə sahib olsun. Axı, KOS-lar üçün pərakəndə satış şəbəkələri ən sərfəli partnyordur. Məhz bu sistem vasitəsi ilə KOS-lar etibarlı müştəri bazası qazanır. Bu da KOS-lara istehsalın həcmini artırmaq imkanı verir. Bu, həm də tədarük zəncirinin dayanıqlılığını gücləndirir.
Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi
Bu gün əsas məsələ istehlakçıya keyfiyyətli məhsul təqdim etməkdir. Təəssüflə qeyd edək ki, hələ də ölkəmizdə küçə ticarəti qalmaqdadır. Həmin subyektlərdə əhaliyə mənşəyi bəlli olmayan ərzaq məhsulları təklif edilir. Hətta kiçik satış məntəqələri də təsadüfi istehsalçıdan mal almaqdan çəkinmir. Onlar üçün keyfiyyət hər zaman ikinci dərəcəli məsələ olur.
Lakin bu məsələdə şəbəkə marketləri daha məsluyyətlidir. Çünki şəbəkə marketlərinin hamısında güclü baytar və həkim nəzarəti var. Qəbul olunan mallarının uyğunluq və mənşə sertifikatı nəzərdən keçirilir.
Təsadüfi mallaran bu şəbəkəyə daxil olması kifayət qədər çətindir. Çünki marketlər şəbəkəsi davamlı əməkdaşlıqda maraqlıdır. Hətta bu əməkdaşlığa təminat üçün tədaükçülərdən çox zaman depozit tələb edilir. Bu da tədarükçüləri daha məsuliyyətli olmağa vadar edir. Bir sıra marketlər şəbəkəsi ISO 22000, HACCP (Hazard Analysis and Critical Control Points) kimi beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun çalışır.
Regionların inkişafı
Bu gün istehsalçılar əsasən bölgələrdədir. Onların iri şəhərlərdəki bazara çıxışı heç də asan deyil. Bunun üçün kommunikasiya, əlavə vəsait və ən əsası vaxt lazımdır. Bu mənada pərakəndə ticarət xüsusən də regionlardakı KOS-lar üçün stimulllaşdırıcı sistemdir. Bu gün pərakəndə sektorun bəzi nümayəndələri KOS-larla yaxşı əlaqə qurub və “tarladan piştaxtaya” layihəsi uğurla icra edilir.
Eyni zamanda qida və qeyri-qida məhsulları istehsal edən KOS-lar üçün də pərakəndə sistem əlverişli platformadır. Bu platforma KOS-ların inkişafını stimullaşdırmaqla yanaşı dövlətin də yükünü azaldır.
Məlumdur ki, hər il dövlət KOS-ların inkişafı üçün bir sıra layihələr reallaşdırır. Bu məqsədlə onmilyonlarla manat vəsait xərclənir. Amma pərakəndə sektor inkişaf etdikcə KOS-lar üçün yeni imkanlar açılır. Məlumdur ki, bazarlar və müvəqqəti yarmarkalar KOS-lar üçün heç də yaxşı satış platforması deyil. Amma pərakəndə sistemin əhatəliyi və geniş coğrafiyası KOS-lar üçün etibarlı və əlverişli partnyorluq mühiti yaradır.
Fermer və sahibkarlar da məhsullarını rahatlıqla realizə etdikcə onlarda daha çox məhsul istehsal etmək həvəsi yaranır. Beləcə pərakəndə sistemdə yerli məhsulların satışı genişləndikcə bölgələrdə iqtisadi aktivlik artır. KOS-ların inkişafı isə regionlarda yeni iş yerlərinin açılması və rifahın yüksəlməsi deməkdir.
Rəqəmsallaşma və e-ticarət
Pərəakəndə sistem innovasiyalara açıq olan bir platformadır. Çünki hər bir sahibkar çalışır ki, dövriyyəsi günbəgün genişlənsin. Bu mənada sistem iştirakçıları hər zaman yeniliklər axtarışında olur. Bu mənada E-ticarət pərakəndə sistemin inkişafına yeni rəng qatır. Təsadüfi deyil ki, populyarlaşan E-ticarət artıq pərakəndə satışa da keçib. Bu gün öz işini onlayn platformalara uğurla quran xeyli sayda sistem oyunçusu var.
Nəzərə alaq ki, E-ticarət təkcə pərakəndə sistem iştirakçıları üçün yox, həm də KOS-lar və istehlakçılar üçün də olduqca sərfəlidir. Onlayn rejimdə KOS sərfəli qiymətə daha geniş auditoriyaya çıxırsa, istehlakçı da evindən çıxmadan daha ucuz və keyfiyyətli məhsul əldə edir.
Pərakəndə sistem isə istehsalçı və istehlakçı arasında münasibətlərin genişlənməsində ən yaxşı katalizatordur.
Təkliflər
Bu gün KOS-ların heç də hamısının pərakəndə sistemə çıxışı yoxdur. Bu daha çox məlumat azlığı ilə bağlıdır.
1. Yaxşı olardı ki, pərakəndə sistemin oyunçuları təbliğat işlərini daha da genişləndirsin. Belə olan təqdirdə ən ucqar bölgədəki KOS-lar belə pərakəndə sistemə çıxış imkanları barədə yetərli məlumat əldə etmiş olar.
2. Pərakəndə sistemin oyunçuları KOS-larla əlaqələri daha da dərinləşdirsin. Bu gün KOS-lara uzun müddətli və yüksək faizli kredit sərf eləmir. Amma pərakəndə sistem iştirakçılarının imkanı var ki, KOS-lara müqavilələr əsasında dövriyyə vəsaiti versin. Tədarük mövsümündə isə bu vəsait geri qaytarılsın. Bu da KOS-ların inkişafına və məhsul bolluğuna imkan yaradar.
3. Pərakəndə sistem əsasən depozit əsasında tədarükçülərlə işləyir. Depozitin yüksək olması isə tədarükçülərin az olmasına səbəb olur. Təbii ki, təklif az olduqca da qiymətlər bahalaşır. Yaxşı olardı ki, depozit məsələsinə yenidən baxılsın.
Nəzərə alaq ki, pərakəndə sektorda şəbəkələşmə ölkə iqtisadiyyatının bir indikatorudur.
Surxay Atakişiyev, Bizim.Media
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.