Xəbər verdiyimiz kimi, Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Bu yeniliyin işçilər üçün hansı müsbət və mənfi təsirləri olacaq?
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Operativ Media-ya açıqlama verib.
O bildirib ki, bu dəyişiklik bütün işçilərə şamil edilmir: "Bu ilin yanvarından etibarən minimum əməkhaqqı 400 manat olaraq müəyyən edilib və saatlıq əməkhaqqı sisteminin tətbiqi hər hansı bir artıma səbəb olmayacaq.
Bəs bu dəyişiklik niyə tətbiq olunur?
Hazırda frilans və qısa müddətli müqavilə ilə işləyən şəxslərin sayı artıb. Qısa müddətli müqavilələrin çeşidi genişlənib, insanlar fərdi iş tapır və yalnız müəyyən saatlarda işləyirlər. Lakin minimum əməkhaqqı yalnız aylıq gəlirlərə tətbiq edilir. Dövlət və özəl sektorda 30 günlük iş rejimində olan ştatdakı işçilərin əməkhaqqında isə heç bir dəyişiklik olmayacaq. Onlar üçün əvvəlki qaydalar davam edəcək.
Ancaq frilans və həftədə 40 saatdan az işləyən işçilər üçün bu dəyişiklik mühüm əhəmiyyət kəsb edir. Buradakı əsas məqsəd odur ki, hökumət müəyyən edib ki, vətəndaşlara ay ərzində minimum əməkhaqqından az maaş ödənilə bilməz. Əvvəllər isə 10 saatlıq işin maaşı necə hesablanmalı olduğu barədə aydınlıq yox idi. İndi isə saatlıq əməkhaqqı sistemi ilə hər bir iş saatı minimum əməkhaqqından aşağı ola bilməz. Məsələn həftədə 40 saat işləyən ay ərzində isə 160 iş saatı olan bir şəxs üçün 400 manat həmin iş saatlarına bölünərək saatlıq əmək haqqı hesablanacaq. Bu halda bir saatın əməkhaqqı 2 manat 40 qəpikdən aşağı ola bilməz.
Bu dəyişiklik həm nəzarət imkanlarını artıracaq həm də vergidən yayınma hallarının qarşısını almağa kömək edəcək".
Günay Nəcəfova