BAKI, 28 aprel. TELEQRAF
Ukrayna Avropa İnvestisiya Bankı (EIB) və Norveç hökumətinin maliyyə yardımı ilə təxminən 1 milyard kubmetr qaz alacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Naftoqaz"ın saytında məlumat verilib.
"Naftoqaz"ın rəhbəri Roman Çumakın sözlərinə görə, maliyyə vəsaitləri artıq mövcuddur və dərhal qaz alışı üçün istifadə ediləcək. Həmçinin o qeyd edib ki, bu maliyyə vəsaiti növbəti qış mövsümünün sabit keçməsi üçün kritik əhəmiyyət kəsb edir.
Bu səbəbdən Ukraynanın baş naziri Denis Şmıxal və Avropa İnvestisiya Bankı rəhbəri arasında kredit müqaviləsi imzalanıb. Sənədə əsasən, maliyyə qurumu dövlət zəmanəti altında 270 milyon avro məbləğində kredit, və Norveç hökumətindən isə 140 milyon avro məbləğində qrant təmin ediləcək.
Qeyd edək ki, aprelin 20-də Ukraynanın "GS Operatoru"nun sabiq rəhbəri Sergey Makoqon ölkənin yeraltı qaz anbarlarındakı ehtiyatların tükəndiyini və Ukraynanın yaxın gələcəkdə təxminən 5,5-6,3 milyard kubmetr qaz idxal etməli olacağını bildirmişdi.
Bununla yanaşı, Ukrayna parlamentinin deputatı Yaroslav Zeliznyak da qeyd edib ki, mövcud qaz qiymətləri nəzərə alındıqda, Kiyevə təcili olaraq tərəfdaşlardan 2 milyard avro yardım almaq lazım olacaq.