EN

"Hərbi münaqişələr ordu büdcələrinin misli görünməmiş artımına səbəb olur" - SIPRI

 
"Ən böyük xərcləyən ölkə ABŞ olub, Vaşinqtonun hərbi xərcləri 5, 7 faiz artaraq 997 milyard dollara çatıb..."
 
Müharibələr və artan gərginlik qlobal hərbi xərclərin misli görünməmiş dərəcədə artmasına səbəb olub- "soyuq müharibə"nin sonundan bəri ən kəskin artım müşahidə edilib. 2024-cü ildə bu xərclər 2,7 trilyon dollara çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
İsveçli tədqiqatçıların məlumatına görə, hərbi xərclər dünyanın bütün regionlarında, xüsusilə də Avropa və Yaxın Şərqdə artıb. Reallıqda hökumətlərin silahlanmaya ayırdığı xərclər 2023-cü illə müqayisədə 9,4 faiz artıb, beləliklə 2024-cü il ardıcıl artımın 10-cu ili olub.
 
Yayımlanan rəqəmlərə görə, ötən il dünyada 100-dən çox ölkə, o cümlədən ənənəvi olaraq ən çox xərcləyən 15 dövlət hərbi büdcələrini artırıb. Ən böyük artım Avropa regionunda, o cümlədən Rusiyada müşahidə olunub; burada xərclər 17 faiz artaraq 693 milyard dollara çatıb. 
 
Avropadakı əsas sabitsizlik mənbəyi və silahlanma yarışının sürətlənməsi ilə bağlı olaraq, Moskvanın hərbi xərcləri 2024-cü ildə 149 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 38 faiz çoxdur və 2015-ci illə müqayisədə iki dəfə artım deməkdir.
 
Ukraynanın hərbi xərcləri isə 2,9 faiz artaraq 64,7 milyard dollara yüksəlib. Almaniyanın xərcləri 28 faiz artaraq 88,5 milyard dollara çatıb və bununla da Almaniya Hindistanı geridə qoyaraq dünyada hərbi xərclərə görə 4-cü yerə yüksəlib.
 
Lakin ən böyük xərcləyən ölkə ABŞ olub, ötən il Vaşinqtonun hərbi xərcləri 5,7 faiz artaraq 997 milyard dollara çatıb. Bu məbləğ dünyadakı bütün hərbi xərclərin 37 faizini və NATO ölkələrinin hərbi xərclərinin 66 faizini təşkil edir. Təbii ki, Yaxın Şərqdə də hərbi büdcələr kəskin artıb, burada xərclər 243 milyard dollar olub ki, bu da 2023-cü illə müqayisədə 15 faiz çoxdur.
 
İsrail ötən il Qəzza bölgəsində, Livanın cənubunda, İudeya və Samariyada müharibəni davam etdirib, Suriyada əməliyyatlar aparıb və İrana, həmçinin İranın dəstəklədiyi husilərə qarşı mübarizəni sürdürüb. Bu səbəbdən İsrailin hərbi xərcləri 65 faiz artaraq 46,5 milyard dollara çatıb. SIPRI tədqiqatçıları qeyd edir ki, bu artım 1967-ci il altıgünlük müharibədən bəri ən kəskin illik artımdır.
 
Əksinə, İranın ÜDM-i 2024-cü ildə 10 faiz azalaraq 7,9 milyard dollara düşüb. İsveçli tədqiqatçılar qeyd edir ki, bu, "İranın regional münaqişələrdə iştirakına və regional tərəfdaşlarına dəstəyinə baxmayaraq" baş verib. Tədqiqatçılar belə nəticəyə gəlib ki, İrana qarşı tətbiq olunan sanksiyaların təsiri onun hərbi xərclərini artırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
 
Dünyada hərbi xərclərə görə ikinci yerdə olan Çin isə hərbi büdcəsini təxminən 7 faiz artıraraq 314 milyard dollara çatdırıb və beləliklə, ardıcıl üç onillik artımı davam etdirib. Məlumatda qeyd edilir ki, silahlı qüvvələrinin modernləşdirilməsinə, kibermüharibə imkanlarının və nüvə arsenalının genişləndirilməsinə müntəzəm şəkildə investisiya edən Çin Asiya və Okeaniyada bütün hərbi xərclərin yarısını təşkil edir.
 
Bundan öncə xəbər verildiyi kimi, İsrail son beş aydır ki, iqtisadiyyatın bütün sahələrində qiymət artımı dalğası ilə üzləşib. Müharibə vəziyyətində olan ölkədə büdcə kəsirinin böyüməsi səbəbilə ƏDV 18 faizədək artırılıb, su, elektrik enerjisi, əmlak vergiləri və bir çox digər sahələrdə də qiymətlər bahalaşıb. İndiyə qədər həyat səviyyəsinin pisləşməsi tədricən hiss olunub, lakin bu həftə yeni və daha ağır bir bahalaşma dalğası bu prosesi "sunami"yə çevirə bilər.
Chosen
5
17
moderator.az

10Sources