EN

Mütəllim Rəhimlidən partiyadan çıxarılmasına reaksiya: "Bu, əxlaqa ziddir"

BAKI, 28 aprel. TELEQRAF

“Aprelin 19-da Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib və müvafiq qərarlar qəbul olunub. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar çıxarıb. Bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər partiyanın nizamnaməsinə ziddir”.

Bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

O qeyd edib ki, Ədalət Partiyasının yaradıcılarından biridir: “Bunlar məni üzvülükdən çıxara bilməzlər. Həm də partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir”.

M.Rəhimlinin sözlərinə görə, qarşı tərəfin evdə toplanaraq verdikləri qərarın partiya həyatına heç bir aidiyyəti yoxdur: “Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda necə qərar verilir? Həm də nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon təşkilatının isə belə bir qərarı yoxdur”.

Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası aprelin 26-da bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və qərar qəbul etməsini nizamnaməyə zidd sayır. Komissiya yığıncağa təşəbbüs göstərmiş partiya üzvləri Vüsalə Dadaşova, Mehman Əliyev və Meydan Babayevə xəbərdarlıq edib.

“Bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə nizamnaməyə uyğun olaraq daha ağır cəza ala biləcəklərini onların diqqətinə çatdırırıq”, - Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarında bildirilib.

Xatırladaq ki, aprelin 26-da Ədalət Partiyası Siyasi Şurası Mütəllim Rəhimlinin partiyadan çıxarılıması barədə qərar qəbul edib. Ali Məclis bu qərarı dəstəkləyib.

Chosen
0
7
teleqraf.com

4Sources