"Rusiya Federasiyası və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trump iş qrafiklərini özləri müəyyənləşdirirlər".
"Referans" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın "CBS News" telekanalına müsahibəsində bildirib.
"Prezidentlər öz talelərinin və öz iş qrafiklərinin sahibidirlər", - o qeyd edib.
Nazir Amerika liderinin mayın ortalarına hansısa səfər planlaşdırdığını və Ağ Evin sahibinin bundan sonra tarixlər təklif edəcəyi barədə açıqlamasına diqqət çəkib.
"Mənim əlavə edəcəyim heç nə yoxdur", - deyə diplomat vurğulayıb.
O, həmçinin bildirib ki, Moskva həmişə Rusiya nümayəndələrinin dialoqa hazır olan insanlarla görüşməsinə tərəfdardır. Lavrov xatırladıb ki, Putin bu barədə dəfələrlə danışıb.
Aprelin 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hazırda Rusiya və ABŞ liderlərinin gələcək görüşünə hazırlıq işləri gedir. Onun sözlərinə görə, Putin amerikalı həmkarına hörmət edir və onlar dialoqdan imtinanın absurd olması ilə razılaşırlar. Kreml nümayəndəsi qeyd edib ki, Rusiya prezidenti və Tramp öz ölkələrinin maraqlarını müdafiə etsələr də, onları ən çətin məsələləri müzakirə yolu ilə həll etmək istəyi birləşdirir.