“Səbail” Misli premyer-liqasının 32-ci turunda evdə “Araz-Naxçıvan”la heç-heçə etdi - 1:1.
“Footbal-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elvin Məmmədovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Bilirdik ki, çətin oyun olacaq. Rəqibin keyfiyyəti, mövqeyi bizə bəlli idi. Futbolçular əzmkar mübarizə apardılar. Geridə olduğumuz oyunu bərabərləşdirdik. Son dəqiqələrdə qələbə də qazana bilərdik. Motivasiyamız daha yaxşı ola bilərdi. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı oyunlara köklənəcəyik.
- Premyer-liqada qalmaq şansınızın Madi Quetanın son dəqiqələrdə qaçırdığı epizodla əldən çıxdığını deyə bilərikmi?
- Ümidimizi itirmirik. Dörd oyun qalıb. Hər şey ola bilər. Biz futbolçulara güvənməliyik ki, bu durumdan çıxsınlar.
- Udsaydız, xal fərqi beşə enəcəkdi. Təqviminiz də “Kəpəz”lə müqayisədə daha asandı. Xilas olmaq şansınız artacaqdı.
- Heç bir oyun asan deyil. Beş-altı gün sonra “Şamaxı” ilə səfərdə oyumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazır vəziyyətdədi. Pozitiv danışıb bu vəziyyətdən çıxmalıyıq.
- Deyə bilərik ki, iki xal itirdiz?
- Rəqiblə müqayisədə qol imkanlarımız daha çox idi. Üç xal olsaydı, daha yaxşı olardı.
- Sofirlə Quetanı meydana daha tez buraxmaq olmazdı?
- Sofirin zədəsi var idi. Özünü yaxşı hiss etmirdi. Nihad yoruldu deyə, onu nəzərə aldıq. Qurta qol vursaydı, indi başqa söhbətlər olardı.
MÜZƏFFƏR QULUZADƏ