EN

“Barselona” “Real” üzərində qələbə ilə 32-ci zəfərini yaşadı

“Barselona” futbol üzrə İspaniya Kubokunun 2024/2025-ci illər mövsümünün finalında “Real”a qalib gələrək növbəti tituluna sahib çıxıb.

Arena.az xəbər verir ki, mövsümün həlledici oyunu bu gün “Estadioa de la Kartuxa”da baş tutub.

Finalda iki əzəli rəqib – “Barselona” və “Real” komandaları qarşılaşıblar. Beləcə, İspaniya Kral Kubokunun finalında 11 illik fasilədən sonra “el klasiko” baş tutub. Bu tərəflərin 8-ci belə görüşü olub. Əvvəlki finallarda “Real”ın 4, “Barsa”nın isə 3 qələbəsi vardı. 2011-ci və 2014-cü illərdəki son qarşılaşmalarda da Madrid klubu qalib gəlmişdi (müvafiq olaraq, 1:0 və 2:1).

Rəqiblərin bu mövsüm La Liqa və İspaniya Super kubokunda keçirilən iki qarşılaşmasında “Barsa” böyük hesablarla qalib gəlmişdi – müvafiq olaraq, 4:0 və 5:2.

Bu oyunun əsas vaxtında qapılara 4 qol vurulub. Qalib isə əlavə vaxtda müəyyənləşib. Son dəqiqələrdə Jül Kundenin vurduğu qələbə qolu “Barsa”nı İspaniya Kral Kubokunda zəfərə daşıyıb. Bu, Kataloniya təmsilçisinin sözügedən turnirdə 32-ci zəfəridir. “Barsa” bu göstəricidə rekorçudur. Kataloniyalıların ən yaxın izləyicisi isə “Atletik”dir. Bilbao təmsilçisi 24 dəfə ölkə kubokunu qazanıb. Madrid “Real”ı bunu 20 dəfə bacarıb.

İspaniya Kral Kuboku
Final
26 aprel

Barselona – Real 3:2
Qollar: Pedri, 28. Ferran, 84. Kunde, 116 – Mbappe, 70. Tçuameni, 77.

Chosen
23
arena.az

1Sources