Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.
Publika.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub.
Qəza 1986-cı il aprelin 26-da baş verib. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb.
Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin dəqiq sayı bilinməsə də, ehtimal olunur ki, bu 50-100 min nəfər ola bilər.
Bununla yanaşı Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv çirklənmənin fəsadları ilə üzləşib. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.