EN

"Harvard Universiteti Tramp administrasiyasına qarşı əks-hücuma keçib"

"Tramp administrasiyası Harvardı vətəndaş hüquqlar qanunlarını pozmaqda və antisemitizmə qarşı yetərli mübarizə aparmamaqda ittiham edib..."
 
Aprelin 21-də, bazar ertəsi günü Harvard Universiteti Tramp administrasiyasına qarşı Bostonda yerləşən dairə məhkəməsinə iddia qaldırıb. İddiada universitetin elmi tədqiqatlarına ayrılan milyardlarla dollar vəsaitin kəsilməsi ilə əlaqədar administrasiya ittiham olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
ABŞ-ın ən qədim ali təhsil müəssisəsi Ağ Evi "Harvardın konstitusiya hüquqlarını müdafiə etdiyinə görə onu cəzalandırmaq məqsədilə qanunsuz və konstitusiyaya zidd kampaniya aparmaqda" günahlandırır.
 
İddia Tramp administrasiyasının Harvard üçün nəzərdə tutulan maliyyəni daha 1 milyard dollar azaltmaq niyyətini açıqlamasından bir gün sonra verilib. Bu, keçən həftə elan olunmuş 2,2 milyard dollarlıq azalmaya əlavədir.
 
Harvard Universitetinin "The Harvard Crimson" tələbə qəzeti yazır: "Bu, tarixi bir hüquqi toqquşmanın başlanğıcıdır-Harvard Tramp administrasiyasının universitetə qarşı çoxşaxəli və dağıdıcı maliyyə təzyiqlərinə qarşı mübarizə aparır. Administrasiya maliyyənin davam etdirilməsi müqabilində federal auditlər, xarici tələbələrin baxışlarının yoxlanılması və Ağ Ev tələblərinə nəzarət edəcək inzibatçıların təyini kimi dərin güzəştlər tələb edir".
 
51 səhifəlik iddiada federal maliyyənin dondurulması qərarının qüvvəyə minməsinin qarşısının alınması tələb olunur. Universitet bu qərarı "qanunsuz və hökumət səlahiyyətlərini aşan" addım kimi qiymətləndirir. Tramp administrasiyası Konstitusiyaya birinci düzəliş və digər federal qanunların pozulmasında ittiham edilir və bildirilir ki, dövlət maliyyəsinin itirilməsi tibb sahəsindəki araşdırmalara ciddi zərbə vuracaq.
 
Doğrudan da bir həftə öncə Tramp administrasiyası Harvardı vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmə qarşı yetərli mübarizə aparmamaqda ittiham edib. Hökumət universitet rəhbərliyindən işə qəbul, tələbə qəbulu və idarəetmə sistemində ciddi islahatlar aparmağı, o cümlədən müsbət diskriminasiyadan imtina etməyi tələb edib və əvəzində maliyyənin bərpa olunacağını bildirib. Universitetin prezidenti Alan Qarber isə bu tələbləri yerinə yetirməkdən imtina edib.
 
Son vaxtlar əlavə olaraq daha 1 milyard dolların dondurulması və universitetin vergi azadlığı verən qeyri-kommersiya statusundan məhrum edilməsi ehtimalı barədə də məlumatlar yayılıb. Qarber qeyd edib: "Hökumət cəza tədbirləri tətbiq etməzdən öncə qanun bizdən antisemitizmə qarşı apardığımız və aparacağımız mübarizə ilə bağlı dialoq qurulmasını tələb edir". O, əlavə edib ki, "hökumətin tələbləri kimin işə götürüləcəyi və nəyin tədris olunacağı üzərində nəzarəti ələ almağa yönəlib".
 
İddiada deyilir: "Hökumət antisemitizm narahatlığı ilə tibbi, elmi və digər dondurulacaq tədqiqatlar arasında məntiqli əlaqə göstərə bilməyib. Bu tədqiqatlar amerikalıların həyatını xilas etməyə, ölkənin təhlükəsizliyini təmin etməyə və Amerikanın innovasiya sahəsində liderliyini qorumağa yönəlib".
 
Ağ Evin cavab bəyanatında universitet vergi ödəyicilərinin pullarının böyük məmur aparatının maaşlarına xərclənməsində ittiham edilib. "Dövlət maliyyəsi bir imtiyazdır. Universitet bu imtiyaza çıxış üçün zəruri minimum tələbləri yerinə yetirməyib", -  Ağ Evin nümayəndəsi bildirib.
 
"Vikipediya"ya görə, Harvard dünyanın ən zəngin universitetidir, onun 2023-cü il üzrə fondu (endowment) 50,7 milyard ABŞ dolları təşkil edir.
Chosen
21
21
moderator.az

10Sources