EN

Razi Nurullayev: “Əvvəllər əsgərliyə getməyən oğlanlara qız vermirdilər”

Bir neçə gün öncə Bizim.Media xəbər portalında  dərc olunan “Bu şəxslər hərbi xidmətə çağırılmayacaq” xəbəri valideynlər tərəfindən böyük marağa səbəb oldu. Diqqət etsək görərik ki, mövzuda müəyyən xəstəliklər səbəbindən hərbi xidmətə  çağırılmayan şəxslərdən bəhs edilirdi.

Bu gün valideynlərin bəziləri övladını hərbi xidmətdən yayındırmağa çalışır. Düzdür bu say çox olmasa da, övladlarına görə narahatlıq keçirən valideynlər var. 

Bəs, buna səbəb nədir? Nədən ehtiyatlanırlar?

Məsələyə münasibət bildirən deputat Razi Nurullayev Bizim.Media-ya açıqlamasında deyib ki, oğlan uşaqları özləri əsgərliyə getməyə can atmalıdırlar:

“Valideynlərin bir çoxu övladının əsgərliyə getməsindən narahatlıq keçirir. Buna səbəb müharibə, əsgərlik həyatının asan olmamasıdır. Yəni valideyn narahatlıq keçirir ki, övladımın başına bir iş gələr. Təbii ki, bu valideyinin hisslərindən irəli gəlir. Sovetin dövründə belə idi ki, əsgərliyə getməyən oğlanlara qız vermirdilər. Deyirdilər ki, əsgərlik kişilik məktəbidir. Gərək ki, o çətinlikləri mütləq şəkildə görsünlər.

Fikrimcə, oğlan uşaqları özləri əsgərliyə getməyə can atmalı, o hərbi həyatı keçməlidilər ki, daha asan yaşaya bilsinlər. Cəmiyyətimizdə də o psixoloji məqamı dəyişməliyik ki, əsgərliyə getməyən insanlara bir qəhrəman kimi yanaşmayaq. Onlara neqativ hiss verək, təbliğat aparaq. Bu halda mənə elə gəlir ki, onlar artıq valideyinləri istəsə belə əsgərlikdən yayınmayacaqlar”, - deyə deputat bildirib.

Müsahibimiz eyni zamanda diqqətə çatdırıb ki, istər 44 günlük müharibədə, istərsə də əvvəlki müharibədə Azərbaycan ordusunda fərarilik demək olar ki, baş vermədi:

“Yəni Azərbaycanın oğlanları qəhrəmanlıqla getdilər, döyüşdülər, könüllü olmaq istədilər, bir sözlə  hər bir kəs əlindən gələni etdi”.

Aygün Hüseyn, Bizim.Media

Chosen
36
10
bizim.media

7Sources