EN

Stres xərçəngə səbəb ola bilərmi? - Onkoloqdan açıqlama

"Xroniki stres bədxassəli şişlərin inkişafına səbəb ola bilər. Daimi həddindən artıq gərginlik xərçəng hüceyrələrini məhv etməyə cavabdeh olan immun sistemin fəaliyyəti pozulur. Bundan əlavə, stres səbəbilə orqanizmdə iltihabi proses başlaya bilər".

Ölkə.az xəbər verir ki, bu sözləri rusiyalı onkoloq Marqarita Çernaya deyib.

"İnsan orqanizmi stresə qarşı proqramlaşdırılıb – bu, həyatın çətinliklərinə cavab vermə üsuludur, istər fiziki yüklənmələr, istərsə də emosional sarsıntılar olsun. Orta dərəcədə stres bizə xeyir verir, gizli resursları hərəkətə gətirir və dəyişkən şərtlərə uyğunlaşma qabiliyyətimizi artırır. Lakin narahatlıq həyatın daimi müşayiətçisinə çevriləndə, artıq müttəfiqdən düşmənə çevrilir və sağlamlığı zəiflədir.

Narahatlıq zamanı qana kortizol, adrenalin və noradrenalin adlı hormonlar ifraz olunur – bu hormonlar bir sıra fizioloji dəyişikliklərə səbəb olur: ürək döyüntüsü və tənəffüs sürətlənir, arterial təzyiq yüksəlir, əzələlərə daha çox qan axmağa başlayır. Əgər bu gərginlik qısamüddətlidirsə, orqanizm tezliklə normal vəziyyətə qayıdır. Lakin xroniki stres zamanı bu hormonlar qanda dövr etməyə davam edir və daxili orqanların və sistemlərin fəaliyyətində pozğunluqlara gətirib çıxarır. Hərçənd bir çox insan streslə onkoloji xəstəliklər arasında birbaşa əlaqəyə inanır, bu mövzuda elmi məlumatlar birmənalı deyil. Əksər tədqiqatlar göstərmir ki, əsəb gərginliyi birbaşa xərçəngin səbəbidir," – deyə onkoloq bildirib.

Onun sözlərinə görə, xəstəlik genlərdə baş verən pozuntular nəticəsində yaranır, sağlam hüceyrələr bədxassəli hüceyrələrə çevrilir, nəzarətsiz şəkildə bölünməyə başlayır, immun sistemin təsirindən qorunur və demək olar ki, ölməz olurlar:

"Alimlər müəyyən ediblər ki, xroniki stres bədxassəli şişlərin inkişafında müəyyən rol oynayır. Birincisi, daimi narahatlıq zamanı immun sistemin fəaliyyəti pozulur və bu sistem xərçəng hüceyrələrini məhv etməyə cavabdehdir. İkincisi, tez-tez əsəbiləşdikdə orqanizmdə iltihabi proses başlaya bilər, bu isə xərçəngin inkişafı üçün risk amilidir. Üçüncüsü, daimi stres insanları bədənində baş verən narahatedici simptomlara laqeyd yanaşmağa vadar edir və nəticədə həkimə gec müraciət olunur. Bəzi elmi işlər göstərir ki, stress şişin böyümə və inkişafını sürətləndirə bilər, həmçinin kimyaterapiya və digər müalicə üsullarının effektivliyini azalda bilər.

Xərçəng çoxsaylı amillərlə bağlı bir xəstəlikdir. O, həm genetik xüsusiyyətlərlə, həm həyat tərzi ilə, həm də digər xəstəliklərlə əlaqəli ola bilər. Tez-tez yaşanan emosional sarsıntılar birbaşa səbəb deyil, lakin xərçəngin inkişafında bir risk amili kimi qiymətləndirilə bilər, – deyə mütəxəssis əlavə edib.

Həkim xərçəngin inkişaf riskini minimuma endirmək üçün pis vərdişlərdən imtina etməyi, həkim nəzarətində olmağı və skrininq testlərindən keçməyi tövsiyə edib.

Həmidə İbrahimova

Chosen
53
32
olke.az

10Sources