Qərbin dövlətləri idarə etmək istəyi və bunun üçün seçdiyi üsul çox maraqlı, həm də təhlükəli olması ilə seçilir. İndi silahlı işğal dövrü keçib, iqtisadi təsirlər və təhdidlər aktuallaşıb. İri dövlətlərin siyasi hakimiyyətlərinin apardığı siyasət, tətbiq etdiyi iqtisadi çərçivə, digər dövlətləri öz planlarının bir hissəsi etmək cəhdindən əvvəl daha qorxunc silahlar işə salınır. Cəmiyyətləri sözəbaxan, müti, manqurd kütləyə çevirmək sonrakı prosesləri asanlaşdırır, hadisələri sürətləndirir. Xüsusən, Qərbin beyinləri yuma əməliyyatı öncə cəmiyyətləri parçalayır, ikitirəlik yaradır, ictimai şüurlarda dövlət adlı düşmən obrazı formalaşdırır, kütləvi itaətsizlik toxumlarının cücərməsini təmin edir.
SSRİ adlı proletariat diktaturası dağıdılandan sonra onun yerində yaranan yeni dövlətlərdə ideoloji boşluğu doldurmaq üçün Qərbin təbliğat maşını işə düşdü. Xaosdan, kövrək ictimai mühitdən yararlanaraq cəmiyyətin aktiv kəsimini ələ almağa, onlara müxtəlif şirnikləndirici, aldadıcı vədlər verərək guya öz ölkəsi üçün çalışırmış kimi onları öz tərəflərinə çəkməyi, daha doğrusu özlərinin gələcək agenti kimi formalaşdırmağı bacardılar. QHT, media qurumlarının təsis edilməsi, Cənubi Qafqazın hansı ölkəsi daha çox cəmiyyət institutları yaradır yarışı başlandı. İlk baxışdan burada qəribə, anlaşılmayan heç nə yox idi. Yaradılan yeni qurumlar öz istiqamətləri üzrə cəmiyyətin inkişafını, yeni çağırışlara adekvat cavab vermək qabiliyyətini təmin etməkdə dövlətə yardım etməli idilər. Amma Cənubi Qafqazın hər üç ölkəsində - Ermənistan, Gürcüstan və Azərbaycanda müharibə şəraiti hökm sürdüyünə görə Qərb institutları burada bəzi maneələrlə üzləşməli olurdular. Buna baxmayaraq fərqli taktiki gedişlər məqsədə çatmaq üçün kifayət edirdi.
Əlbəttə, bir ölkədə yüzlərlə QHT və media orqanı yaratmaq işin yalnış bir hissəsi ola bilərdi. Yalnız həmin qurumları əldə saxlamaqla planları gerçəkləşdirmək olardı. Belə də oldu. QHT, media və digər siyasi qurumların maliyyələşməsi Qərb institutlarının işini yüngülləşdirdi. Xaricdən gələn milyonlarla dollar axını özü ilə daha çox xaos, itaətsizlik, milli maraqlardan sapınma, dövlət-xalq birliyində inamsızlıq gətirdi. Bütün bunlar Qərbin bəzi dairələri tərəfindən idarə olunurdu. Yəni Qərb verdiyi maliyyə vəsaitinin müqabilində kimim harada, necə və hansı rolda oynayacağını təyin edirdi. USAİD, Amnesty International, Sərhədsiz Reportyorlar, Human Rights Watch və s. kimi təşkilatların destruktiv fəliyyətləri bəzi ölkələrdə az, digərlərində isə çox nəzərə çarpırdı. Yerli QHT, media və digər cəmiyyət institutları dövlət qurumları ilə nə qədər çox qarşıdurmaya gedirdisə bir o qədər artıq vəsait əldə etmək imkanı qazanırdı. Bir tərəfdən dövlət qurumlarının işi artırdı, digər tərəfdən cəmiyyətdə parçalanma sürətlənirdi.
USAİD işi...
USAİD formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır, desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: təkcə 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyar dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.
USAİD ümumilikdə 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirilib. Bu il fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Yalnız Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Bütün bu fitnəkar əməllər “azad mətbuat”, “söz azadlığı” adı altında törədilib. Ayrılan pul vəsaitləri ayrı-ayrı şəxslərin maraqları naminə xərclənib, təxribatçı fəaliyyətə sərf olunub.
Azərbaycanda guya “müstəqil mətbuat” təsis edənlərin əsl iç üzü açılanda çoxları təəccüblənib. Bu gün artıq ifşa olunan həmin “media” strukturlarının “feyk” xəbərlər istehsalçısı olduqları üzə çıxıb. Bir müddət əvvəl xəbər verildiyi kimi, USAİD-in ələ aldığı “Turan” agentliyinin yaydığı dezinformasiya səbəbindən Azərbaycan beynəlxalq skandalla üz-üzə qalacaqmış. Əlbəttə, bu, məsuliyyətsizlik, peşə etikasından xəbərsizlik, bir az da dərinə getsək, xalqa, dövlətə xəyanətdir. “Müstəqil media” “Turan”la məhdudlaşmır, “Meydan TV”, “Abzaz”, “Toplum TV” və s. şər yuvaları da cəmiyyətimizə neqativ mövqe sərgiləməkdədirlər.
GİPA nədir?
İngiliscə Georgian Institute of Public Affairs (GIPA), azərbaycanca Gürcüstan İctimai İşlər İnstitutu 1994-cü ildə Gürcüstanda yaradılmış özəl universitetdir. Zamanında Qərbi təbliğatı sayəsində Gürcüstanın ən nüfuzlu universitetlərindən biri olub. GIPA-da dərslər əsasən ingilis dilində aparılıb. Təhsilin hansı dildə olması fakültəyə və tələbənin seçiminə görə dəyişib. Xüsusilə diqqət çəkən məqamlardan biri budur ki, GIPA-da çalışan müəllimlər əsasən gürcülər, bəzən də amerikadan olan professorlar olub. Gürcü müəllimlərin hamısı Avropa və Amerikada yaxşı universitetlərdə təhsil alıblar. GIPA-da təhsilin Azərbaycandakı universitetlərdən fərqi, tələbələrə verilən avadanlıq və imkanlar da başqa olub.
Gürcüstanın İctimai İşlər İnstitutu (GİPA) 2001-ci ildən etibarən jurnalistika üzrə magistr proqramı təklif edib. Bu proqram ABŞ-ın Dövlət Departamenti və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə maliyyələşdirilib. Proqramın məqsədi Qafqaz regionunda medianın guya inkişafını dəstəkləmək və demokratik cəmiyyəti gücləndirmək idi. Lakin, USAİD-in fəaliyyətinin dayandırılmasından sonra 2025-ci ilin mart ayında məlum oldu ki, GİPA-nın jurnalistika üzrə magistr proqramı rəsmi olaraq dayandırılıb. Belə ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək və hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.
Sual olunur, bəs əsl niyyət nə olub ki, Cənubi Qafqaz ölkələrində QHT, media və digər cəmiyyət institutları maliyyələşdirilib, milyonlar xərcləni? Qərb dünyasına xas olmayan bədxərclik burada bütün sədləri aşıb. Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) 1994-cü ildə yaradılıb. Onun yaradılmasının əsas məqsədi Gürcüstanda və daha geniş Qafqaz regionunda dövlət idarəçiliyi, media və hüquq sahələrində peşəkar kadrların hazırlanması olub. GİPA-nın yaradılmasına ABŞ və Avropa institutları, xüsusilə USAID və Açıq Cəmiyyət Fondu dəstək verib.