Süni qida distribütorları ilə pediatrlar arasında sıx əlaqələr mövcuddur; ekspert: "Azərbaycanda standart yoxdur"
Rusiyada uşaq qidası üçün bir sıra standartlar hazırlanır. "Rosstandart"ın rəhbəri Anton Şalayev mediaya deyib ki, hazırda uşaq qidası və uşaq qidasında istifadə olunan inqrediyentlər üçün bütün standartlar xətti hazırlanır.
Onun sözlərinə görə, bu, standartlar vasitəsilə təmin edilməli olan təhlükəsizlik və keyfiyyət məsələlərinə aiddir.
Azərbaycan bu istiqamətdə hansı tədbirlər görə bilər? Çünki uşaq qidaları ilə bağlı ölkəmizdə də ciddi problemlər var.
Eyyub Hüseynov
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bu ilin mart ayında BMT-nin Uşaq Fondu - UNİCEF - Azərbaycanda tədbir keçirdi. Azad İstehlakçılar Birliyi artıq 20 ildən çoxdur ki, ana südü ilə qidalanmaya dair beynəlxalq təşkilat olan İBFAN-ın (İnternational Baby Food Action Network) üzvüdür. Dəfələrlə bu məsələni beynəlxalq təşkilatlarda gündəmə gətirmişik və bir neçə layihə həyata keçirmişik.
UNİCEF-in həmin yığıncağında çıxış edərək qeyd etdim ki, ana südü ilə qidalanma səviyyəsi Azərbaycanda Avropa ölkələri ilə müqayisədə geri qalır - təxminən 40-45 faizdir. Lakin tədbirdə çıxış edən səlahiyyətli bir rəsmi bildirdi ki, bu göstərici artıq 28 faiz civarındadır. Bu qədər aşağı göstərici süni qidaların geniş yayılmasına, onlara olan tələbatın artmasına səbəb olub.
Azərbaycanda bir qutusu 130-140 manata başa gələn süni körpə qidaları mövcuddur. Dünyada ana südü ilə qidalanma göstəricilərinə görə birinci yerdə Hindistan dayanır. Azərbaycan isə bu sahədə çox geridə qalır".
Ekspert əlavə edib ki, süni qidaların istənilən yerdə, istənilən formada satılmasına tez-tez rast gəlirik: "Süni qida distributorları ilə pediatrlar arasında sıx əlaqələr mövcuddur. Halbuki erkən yaşda uşaqların qidalanması ilə bağlı qanunvericilik süni qida distributorları ilə pediatrlar arasında münasibətləri məhdudlaşdırır. Amma görürük ki, həmin distributorlar doğum evlərinə qədər yol tapırlar.
Azərbaycanda uşaq doğulan kimi ona ilk olaraq süni qida verilir. Nəticədə uşaq ana südündən imtina edir və valideynlər pediatrların təsiri altına düşür. Bu prosesdə qeysəriyyə əməliyyatlarının da rolu az deyil. Bunu ifşa etməyə çalışmışıq, lakin dəqiq sübut edə bilməmişik. Amma bunun izlərini doğum evlərində körpələr üçün ayrılmış xüsusi guşələrin yaradılmasında və verilən hədiyyələrdə hiss edirik. Bu, çox ciddi problemdir".
Eyyub Hüseynov qeyd edir ki, ölkədə süni körpə qidası istehsalı yoxdur: “Bu istiqamətdə hər hansı standartın hazırlanmasından da söhbət getmir. Mən çox istərdim ki, Standartlaşdırma İnstitutu bu məsələ ilə məşğul olsun və yerli körpə qidalarının istehsalına başlanılsın.
Valideynlərə birmənalı şəkildə çağırış edirəm: bacardığınız qədər körpələrinizi ana südü ilə qidalandırın. Bu, uşaqlar üçün əvəzolunmazdır. Azərbaycanda bu məsələyə ciddi yanaşılmalıdır.
Hazırda ölkədə əsasən biznes maraqları ön plandadır. Körpə sağlamlığı, körpə qidası, ümumilikdə insan sağlamlığı arxa planda qalıb. Pediatrlar da bu məsələdə susqunluq nümayiş etdirirlər. Onların bir çoxu çalışır ki, süni qida distributorları ilə əməkdaşlıq qursun və bu əlaqədən faydalansın. Halbuki ölkədə sağlam düşüncəli pediatrlar da var. Təəssüf ki, onların da səsi eşidilmir.
Mütləq şəkildə bu sahədə standart qəbul olunmalıdır. Həm yerli istehsal qurulmalı, həm də idxal olunan körpə qidalarına nəzarət gücləndirilməlidir. Təəssüf ki, bu gün Azərbaycanda belə bir standart yoxdur".
Aytən İsmayılzadə
Pediatr Aytən İsmayılzadə ana südü ilə qidalanmanın körpələrin sağlamlığı üçün əvəzolunmaz olduğunu və süni qidaların yalnız tibbi göstərişlər əsasında istifadə olunmasının vacibliyini vurğulayır: "Ana südü körpənin immun sisteminin formalaşmasında, zehni və fiziki inkişafında ən mühüm qidadır. Süni qidalar ananın südünün yerini tamamilə tutmur və yalnız həkimin tövsiyəsi ilə, zəruri hallarda tətbiq olunmalıdır".
Pediatr həmçinin süni qidaların təbliğatı ilə bağlı narahatlıqlarını ifadə edir. Onun fikrincə, bəzi hallarda tibb işçiləri və pediatrlar süni qida istehsalçıları ilə əlaqələr quraraq, anaları bu məhsullara yönəltməkdədirlər ki, bu da tibbi etika və uşaqların sağlamlığı baxımından doğru deyil. Aytən İsmayılzadə bu məsələ ilə bağlı cəmiyyətin və müvafiq qurumların daha ciddi nəzarət tətbiq etməsini vurğulayıb: "Körpələrin sağlamlığı üçün ana südü ilə qidalanmanın əhəmiyyətini unutmamalı, süni qidalardan yalnız zəruri hallarda istifadə etməlidirlər".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”