AZ

Güneyli şairlər də “Xalq əmanəti”nə daxil edildi

“Xalq” Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində sayca 25-ci kitab Güney Azərbaycan poeziyasına həsr olunub.

Bu nəşrdə müxtəlif ədəbi təmayül və cərəyanları XX əsrin əvvəllərindən günümüzə qədərki dövrü təmsil edən 50 güneyli söz ustasının seçmə şeir və poemaları, qəzəlləri toplanıb. Müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, istedadlı gənc ədiblərin də yaradıcılıq nümunələri də yer alıb. XX–XXI

əsrlər bütöv Azərbaycanının ədəbi mənzərəsini görmək üçün vasitə olaraq ərsəyə gələn “Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm də keşməkeşli tariximizi əks etdirir.

Qeyd edək ki, “Xalq əmanəti” layihəsini “Xalq” Bank 2010-cu ildən həyata keçirir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır. Bu çərçivədə Azərbaycan, ingilis, rus dillərində çap olunan kitablar ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

“Xalq” Bank bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar nəşr olunub və sərgilər təşkil edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiq və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” nəşrlərini “Xalq əmanəti”nə daxil edilib.

T.RÜSTƏMLİ
XQ

Seçilən
0
24
xalqqazeti.az

10Mənbələr