AZ

Azərbaycanda orqan köçürmələrinin sayı AÇIQLANDI – RƏSMİ

Azərbaycanda insan orqan və (və ya) toxumalarının transplantasiyası həyata keçirilir. Bu prosesi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun tənzimləyir.

Qanuna əsasən, transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır. Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri , sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Bəs ötən il ölkədə nə qədər orqan köçürülməsi əməliyyatı icra olunub?

Məsələ ilə bağlı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 323 belə əməliyyat keçirilib:

“2024-cü ildə 117 böyrək, 77 qaraciyər, 29 sümük iliyi, 100 buynuz qişası transplantasiyası əməliyyatı icra olunub”.

Statistikadan göründüyü kimi, ölkədə ən çox böyrək, ikinci sırada isə buynuz qişası köçürülməsi əməliyyatı keçirilib.

Bəs ölkədə hansı orqan köçürülməsi əməliyyatını icbari tibi sığorta qarşılayır?

2023-cü ilin avqust ayından başlayaraq orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il 165 orqan köçürülməsi əməliyyatı icbari tibbi sığorta hesabına aparılıb:

“İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.  Ötən il ərzində 76 qaraciyər, 7 sümük iliyi, 82 böyrək köçürülməsi əməliyyatları icbari tibbi sığorta hesabına icra olunub”.

Məlumatdan aydın olur ki, qoyulan limitin hamısı icra olunmayıb.

Qeyd edək ki, pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (Mərkəz)  müraciət etməlidir.
 

Onu da bildirək ki, bu il Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.


Belə ki, meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan resipiyentə köçürülb. Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

Onu da qeyd etmək yerinə düşər ki, gözün buynuz qişası yalnız meyit donordan alınır və buynuz qişası iki resipiyentə köçürülə bilər.

Günay Şahmar, Bizim.Media

Seçilən
0
29
bizim.media

10Mənbələr