AZ

Bütün dünyanın diqqəti İSTANBULDA – 15 mayda nə BAŞ VERƏCƏK?

Tarixi gün yaxınlaşır. Qardaş Türkiyə daha bir qanlı savaşın sonlanmasına vasilə ola bilər. Belə ki, İstanbul mayın 15-də Ukrayna və Rusiya rəsmilərinin görüşünə hazırlaşır.

Hər iki ölkənin rəhbərliyi danışıqlar üçün Türkiyəyə gələcəklərini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna hərbçiləri Rusiya ilə birbaşa danışıqlar üçün şərt irəli sürdü – Reuters


“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyəti ilə təmsil olunacaq.

Onun sözlərinə görə, heyətin tərkibinə kimin daxil olacağı barədə məlumat daha sonra açıqlanacaq. 

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və Ukraynanın 30 günlük şərtsiz atəşkəs təklfinə Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqların bərpası təklifi ilə cavab verib.

Tramp da öz adamını Türkiyəyə göndərir.

ABŞ prezidenti Donald Tramp Ukrayna hakimiyyəti Kremlin İstanbulda danışıqlar təklifi ilə dərhal razılaşmalıdır. Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gələ bilərlər:

“Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs istəmir, lakin qan tökülməsinə mümkün son qoymaq üçün danışıqlar aparmaq üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır”.

Türkiyə görüşə tam hazırdır

Nəzərə alaq ki, Ukrayna-Rusiya münaqişəsi başlayandan bəri tərəflərin yaxınlaşması və ortaq məxrəcə gəlməsi üçün çox səy göstərib. Hətta 2022-ci ilin yayında Türkiyənin təşəbbüsləri ilə Ukrayna və Rusiya sülhə çox yaxınlaşmışdı. Lakin son anda Qərb bu layihəni pozdu. Amma rəsmi Ankara heç zaman səylərini azaltmayıb. Nəzərə alaq ki, ötən dövr ərzində Ukrayna ilə Rusiya arasında tək bir razılaşma olub. O da “Taxıl dəhlizi”. Bu layihənin təşəbbüskarı və təşkilatçısı da Türkiyə olub. Bu mənada rəsmi Ankaranın növbəti təşəbbüsünün uğurlu olacağına inam böyükdir.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini deyib. O, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Göründüyü kimi Putinlə Zelenskinin bir araya gəlməsi olduqca real görünür.

Amma bu görüş baş tutmaya da bilər. Artıq bununla bağlı müəyyən fikirlər də səslənir. Məsələn Rusiya prezidenti deyir ki, ABŞ prezidentinin səyləri nəticəsində elan edilmiş 30 günlük enerji obyektlərinə hücumlara moratoriumun qoyulmasına Kiyev əməl etməyib:

“Məlum olduğu kimi, Rusiya əvvəllər dəfələrlə atəşkəsin dayandırılması ilə bağlı təşəbbüslər irəli sürüb, lakin bu təşəbbüslər Ukrayna tərəfindən dəfələrlə sabotaj edilib. Rusiyanın təşəbbüsü ilə Pasxa atəşkəsi də Ukrayna qüvvələri tərəfindən təxminən 5 min dəfə pozulub. Buna baxmayaraq, Qələbə günü münasibəti ilə üçüncü dəfə atəşkəs elan etdik. Eyni zamanda, biz Qərbdəki həmkarlarımıza Qələbə günündə atəşkəslə bağlı səmimi şəkildə çatdırdıq ki, biz gələcəkdə bu atəşkəsin müddətinin uzadılması imkanını istisna etmirik. Bəs biz nə görürük? Kiyev hakimiyyəti atəşkəs təklifimizə israrla cavab vermədi”.

Göründüyü kimi Rusiya İstanbul görüşünə o qədər də maraq göstərmir.

Sadəcə danışıqlar xatirinə qatılmaq istəyir. Putinin köməkçisi Yuri Uşakov da bildirib ki, İstanbula kimlərsə gələcək. Amma Putinin gələcəyini qətiyyən söyləməyib.

Zelenskinin şərti belədir ki, o ancaq Putinlə hansısa müzakirəni aparmağa hazırdır. Digər rəsmilərin görüşü onun üçün o qədər də maraqlı deyil.

Nəzərə alaq ki, rəsmi Moskva Zelenskinin legitimliyini tanımır və onunla bir masa arxasında əyləşəcəklərini düşünmür.

Bu da o anlama gəlir ki, İstanbul görüşünə Rusiya və Ukrayna prezidentləri yox, yüksək səviyyəli rəsmilər qatılacaq. Bu müdafiə və yaxud xarici işlər nazirləri, hətta Prezidentin səlahiyyətli nümayəndələri səviyyəsində ola bilər.

Amma bir həqiqət var ki, istənilən sülh müharibədən daha yaxşıdır. Ona görə də həm Rusiya, həm də Ukrayna İstanbul görüşündə iştirak edəcək. Amma bu görüşün nə qədər səmərəli olacağını bir neçə gün sonra biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
39
bizim.media

10Mənbələr