"Tramp hadisələrin mərkəzindədir, bütün tərəflər öz ritorikalarını onun paylaşımlarına uyğun formalaşdırır..."
Qarşıdakı günlər Rusiya-Ukrayna qarşıdurmasında dönüş nöqtəsi ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
Nəşr yazır ki, son günlərdə 30 günlük atəşkəs və Ukrayna ilə Rusiya liderləri arasında birbaşa danışıqlar barədə verilən gurultulu bəyanatlar, əslində, hazırda davam edən intensiv gizli danışıqların yalnız görünən hissəsi ola bilər. Məqalə müəllifi son hadisələrin və bəyanatların xronologiyasını təqdim edir.
Hər şey mayın 10-da Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniya baş naziri Kir Starmerin qeyd-şərtsiz 30 günlük atəşkəs və əgər Rusiya razılaşmasa, sanksiyalar hədəsi ilə bağlı təklifi səsləndirməsiylə başlayıb. Eyni zamanda vurğulanıb ki, ABŞ bu təşəbbüsü dəstəkləyir. Lakin Rusiya prezidenti Vladimir Putin cavabında bu təklifi görməzdən gəlib, ancaq birbaşa danışıqlara hazır olduğunu bildirib.
Ukraynalı rəsmilər isə atəşkəs əldə olunmadan danışıqlar olmayacağını bəyan edib. Amma bu zaman ABŞ prezidenti Donald Tramp vəziyyəti dəyişib, o, öz sosial şəbəkəsində Ukraynanın "dərhal" Putinlə danışıqlara razılaşmalı olduğunu yazıb və bununla Putinin atəşkəs təklifinə cavab verməməsini tamamilə nəzərə almayıb.
"The Economist" qeyd edir ki, Trampın bu paylaşımı Ukrayna və Avropanın birgə ultimatumunu zəiflədib və Zelenski üçün manevr imkanını azaldıb. Yeganə müsbət məqam odur ki, Tramp danışıqların Rusiyanın sülhə həqiqi hazırlığını göstərəcəyini bildirib. Bu sözlər nikbin yozumla, ABŞ-ın sülhə mane olan tərəf kimi Rusiyaya təzyiq etməyə hazır olduğuna işarə kimi qəbul edilə bilər.
"İctimai diplomatiyanın bu qədər intensiv olması ciddi pərdəarxası danışıqların getdiyini göstərir və qarşıdakı günlər, doğrudan da, həlledici ola bilər. Donald Tramp aydın şəkildə hadisələrin mərkəzində qalır - bütün tərəflər onun çıxışlarına və sosial şəbəkə paylaşımlarına uyğun olaraq ritorikalarını formalaşdırır", - nəşr yazır.
Eyni zamanda, müəllif xəbərdarlıq edir ki, yaxın günlərdə döyüşlərin dayandırılacağına həddən artıq ümid bəsləmək doğru olmaz. Həmçinin, əgər Zelenski ilə Putinin görüşü baş tutsa belə, yaxın zamanlarda konkret nəticə gətirəcəyini gözləməyə dəyməz.
Zelenski ilə Putinin danışıqları
Xəbər verildiyi kimi, Putinin birbaşa danışıqlara hazır olduğunu bəyan etməsinə baxmayaraq, onun Ukraynaya qarşı maksimalist tələblərindən imtina etdiyinə dair heç bir əlamət yoxdur.
O, Krıma əlavə olaraq daha dörd vilayətin Rusiyaya verilməsini və Ukraynada siyasi yenidənqurma aparılmasını istəyir. Əslində bu, Ukraynanın təslim olması tələbidir.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa isə Putinin ümumiyyətlə danışıqlar üçün Türkiyəyə gələcəyinə şübhə etdiyini bildirib. Nazir əmindir ki, Rusiya diktatorunun buna cəsarəti çatmayacaq.