AZ

Papikyan təcili Berlinə getdi – Müdafiə nazirinin Almaniyada nə iti azıb?

Ermənistan müdafiə naziri Suren Papikyan bu gün Almaniyaya işgüzar səfərə gedib. Həm də böyük bir nümayəndə heyəti ilə.

Qonşu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti səfərlə bağlı əlavə heç bir təfərrüat açıalamayıb. Ancaq aydın məsələdir ki, müdafiə naziri digər ölkəyə, özəlliklə Almaniya kimi böyük hərbi-texnoloji və iqtisadi potensiala malik öncül Avropa dövlətinə gəzməyə, pal-paltar almağa yollanmır. O ki ola hələ də Azərbaycana qarşı revanşist niyyətdən əl çəkməyən, konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları qalan kapitulyant Ermənistanın hərbi naziri...

Diqqət edin, səfərdən cəmi iki gün qabaq Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcəyi haqda xəbər yayılmışdı. Bəllidir ki, İrəvan Nyu Dehli ilə təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib.

Cırtdan bir ölkədən ötrü təkcə bir tip silah sistemi almaq üçün 710 milyon dollar əlbəttə ki, balaca məbləğ deyil. Özü də söhbət müdafiə yox, hücum silahlarından gedir. Bunu da yada salaq ki, Ermənistan 2025-ci il üçün rekord həcmdə hərbi büdcə müəyyən edib – 1.7 milyard dollar. Bu, ötən illə müqayisədə 20 % çoxdur və ÜDM-nin 6-%-i deməkdir.

Yəni heç NATO ölkələri bu qədəri faiz həcmdə büdcə müəyyənləşdirmir. Müdafiə xərcləri uzağı, 3 faiz həndəvərində olur. ABŞ prezidenti Donald Tramp isə neçı vaxtdır onlardan rəqəmi 5%-ə qaldırmağı tələb edir...

Bu xüsusda Papikyan və başının dəstəsinin almanlarla hansı danışıqlar aparacağı və nə kimi anlaşmalar əldə olunacağını sözsüz ki, Bakı diqqətlə izləyəcək. Daha bir səbəbə: Almaniyada təzəcə kansler dəyişikliyi olub. Olaf Şoltsu Frirdix Merz əvəzləyib. Amma təzə hökumət də hələ tam formalaşmayıb.

Bu, Azərbaycanın legitim narahatlığı və haqqı. Çünki sülh danışıqlarında səmimi olmayan, daim “nala-mıxa” vuran, ən əsası, 44 günlük müharibədən indiyədək gərəkən dərsi götürməyən və revanşist ovqatın (gizli ya açıq - nə fərqi!) güclü olduğu kapitulyant tərəfin sürətlə silahlanmasına laqeyd qala bilmərik...

Məntiqlə Ermənistanın müdafiə deyil, xarici işlər və ya baş naziri əlüstü Berlinə getsəydi, yenə anlamaq olardı. Papiktyan isə Hindistandan vurub ABŞ-dan, ordan da vurub Avropadan çıxan erməni nazir. Avropa İttifaqının “Sülh Fondu” adı ilə Ermənistana hərbi kömək etməyə başlaması da artıq faktdır.

Bu da maraqlıdır ki, iki ay öncə ABŞ-nin Almaniyadakı bazalardan yüzlərlə avadanlıq və ağır hərbi texnikanı Ermənistana köçürmək niyyətində olduğu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. “Transfer iyulun 16-na nəzərdə tutulur və avqustun 7-dək davam edəcəyi gözlənilir”, - məlumatda deyilirdi. ABŞ Müdafiə Nazirliyi isə xəbəri nə təsdiq, nə də təkzib eləmişdi. Hərgah, bu daha çox təsdiq anlamına gəlir(di)...

Ancaq rəsmi İrəvan bir şeyi unutmamalıdır: Ermənistan silahlanma yarışında Azərbaycanla ayaqlaşa bilməz. Bəlli səbəblərdən bu mümkünsüz. Odur ki, özünü boşuna dağa-daşa salmasın və havadarlarının küyünə getməsin.

Ən mühümü, Ermənistanın siyasi-hərbi rəhbərliyi nəhayət, anlamalıdır ki, öz kasıb əhalisinin boğazından kəsib bahalı silahlar almaqla ölkəsinin təhlükəsizliyi güclənib-eləməyəcək. Əksinə, daha ciddi təhdidlərə və ağır nəticələrə tuş gələcək. Nə qədər gec deyil, bu kursu dəyişsin və üzünü ona real varlıq zəmanəti verəcək qonşulara tutsun. Azərbaycana və Türkiyəyə...

Z.SƏFƏROĞLU

Seçilən
0
4
musavat.com

5Mənbələr