Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdiyi işlərdə çalışan, mübarizə aparan və övladlarını təkbaşına böyüdən qadınlar da var.
Onların hekayələri insanları həm təəccübləndirir, həm də ilham verir. Məhz belə qadınlardan biri də malyar Səbinə Həmidovadır.
Sfera.az-ın əməkdaşı Səbinə Həmidova ilə söhbət edib.
Müsahibimiz 30 yaşında, üç uşaq anasıdır. O artıq 6 ildir ki, malyar kimi çalışır. Bununla yanaşı, digər usta işlərini də bacarır. Əslində, Səbinənin bu çətin peşəyə başlama səbəbi ailə qayğılarından irəli gəlir.
“Anama görə bu işə başladım”
Səbinə ailənin yeganə qazanc gətirən üzvü kimi çalışır. Onun həyatında ilk işi çörəkçilik olub. “İlk peşəm çörəkçi idi. Çörəkçi olmuşam, amma qazancım çox az idi. 24 yaşımda artıq malyar işinə başladım”,- deyə Səbinə bildirib.
Bu çətin yola qədəm qoymasının əsas səbəbi isə anası olub...
“Anam xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həyatımda hər şey çətin idi, amma anama və üç övladıma tək baxmalı idim. Bu işə də anama görə başladım”, - deyə o, ağır xatirələrini bölüşdü.
Səbinə qarşısına böyük bir məqsəd qoyub: Anasının arzusu olan bir ev almaq. “Anamın bir arzusu vardı ki, öz evi olsun. Qarşıma məqsəd qoydum: gecə-gündüz işləyib, iki il öncə anam üçün bir ev aldım. Həmin evi də öz əlimlə tikdim. Gecələr saat 9-da işdən çıxıb tikinti materialları alırdım: sement, qum, daş… Hər birini özüm daşıyırdım”, - deyə Səbinə qürurla dedi.
O həm də bu işlərin ağırlığını belə təsvir edir: “Evin demək olar ki, kişisi mən idim. Evi özüm sökdüm, yenidən tikdim. İşdən sonra başqa işə gedirdim, gecə saat 4-5-ə qədər işləyirdim. Heç vaxt geri çəkilmədim”.
“İşim məni yormur, məni insanların pis düşüncəsi yorur"
Səbinə işin çətinliklərindən şikayət etmir. Hətta ağır iş şəraitində belə yorulmadığını vurğulayır: “İşim məni yormur. Məni əsasən insanların pis düşüncəsi yorur. Elə olub ki, 38 saat yuxusuz işləmişəm. İki gün sexdə qalmışam, amma yorulmamışam. Bütün bunları övladlarım üçün etmişəm. Hamı məni artıq kişi kimi tanıyır. Atam, qardaşım, anam, bacım dünyasını dəyişib. Mən isə bütün bu itkilərə baxmayaraq, ayaqda durmağa məcburam”.
İki ay əvvəl anasını itirən Səbinə hazırda üç övladına təkbaşına baxır. “Tək ana olmaq çox çətindir. Amma bu işlərin öhdəsindən gəlməyə çalışıram. İndi növbəti xəyalım maşın almaqdır. Övladlarımı məktəbə, bağçaya aparıb-gətirmək üçün çox lazımdır. Bu xəyalımı da gerçəkləşdirəcəyəm”, - deyə o, gələcək planlarından bəhs edib.
“Qadınlar oxusun, güclü olsunlar”
Səbinə həm də digər qadınlara güclü olmaq üçün məsləhət verir: “Qadınlar mütləq oxusunlar. Əgər oxuya bilmirlərsə belə, öz ayaqlarının üstündə durmağı bacarsınlar. Mən təkbaşına üç uşaq böyüdürəm, siz də bacararsınız. Qadınlar özlərini heç vaxt zəif hiss etməsinlər”.
Səbinənin bu cəsarəti və mübariz ruhu hər kəs üçün bir örnəkdir. O, həyatın bütün çətinliklərinə rəğmən, inamını itirmir və övladlarına daha yaxşı gələcək qurmaq üçün yorulmadan çalışır.
Bəsti Rəfizadə
Sfera.az