Son zamanlar orqan çatışmazlığından həyatını itirənlərin sayı artmaqdadır. Azərbaycanda da bu hal rast gəlinəndir.
Orqan donorluğu bir şəxsin (canlı və ya vəfat etmiş) orqan və ya toxumalarını ehtiyacı olan başqa bir şəxsin həyatını xilas etmək və ya sağlamlığını bərpa etmək üçün könüllü olaraq bağışlamasıdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi – VİDEO
İnsanlar digər şəxslərin yaşaması üçün vəfat etdikdən sonra onlara öz orqanlarını bağışlaya bilərlər. Bu qanunla tənzimlənir.
Köçürülən orqanlar arasında ən çox böyrək, ürək və digər orqanların adı çəkilsə də göz, sümük və bu kimi orqanların da bağışlana bilməsi insanları maraqlandırır.
Bəs Azərbaycanda hansı orqanları bağışlamaq olar?
Məsələ ilə bağlı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova Bizim.Media-ya açıqlamasında deyib ki, bütün orqanları bağışlamaq mümkündür:
“İnsan vəfat etdikdən sonra ürək, ağciyər, böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, sümüklər, yuxarı və aşağı ətraflar, gözün buynuz qişası, sümük iliyi, kök-hüceyrələri, dəri-fassiya-əzələ kompleksini bağışlanması haqqında qərar verə bilər”.
Xatırladaq ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Qeyd edək ki, bəzi orqanlar canlı donordan alınsa da, gözün buynuz qişası yalnız meyitdən götürülür.
Günay Şahmar, Bizim.Media