AZ

Koronavirusun yeni variantı? - Proses aşağı tənəffüs yollarına keçərək...

Son günlər əksəriyyət uzunmüddətli öskürək, hərarətin yüksəlməsi, halsızlıq və sağalma müddətinin uzanmasından şikayətlənir. Bəzi insanlar yayılan bu xəstəliyin COVİD19-un yeni ştammı olduğunu iddia edir və koronavirus zamanı edilən müalicə ilə özlərini sağaltmağa çalışır.

Bəs bu xəstəlik nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında terapevt Həbib Sahratov bildirib ki, bu vəziyyətin əsas səbəbləri fərqlidir və daha çox mövsümi tənəffüs yolu infeksiyaları ilə bağlıdır.

Həbib Sahratov: Proses aşağı tənəffüs yollarına keçərək pnevmoniya ilə ağırlaşa bilər

H.Sahratovun sözlərinə görə, keçməyən öskürəyi olan xəstələrin araşdırılması vacibdir. Həkim qeyd edib ki, bəzən kəskin respirator infeksiya keçirən insanlar vaxtında müalicə almır və lazımi dərman preparatlarını qəbul etmirlər. Bu isə xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

“Proses aşağı tənəffüs yollarına keçərək pnevmoniya ilə ağırlaşa bilər. Bəzən isə ağırlaşma olmasa belə, sağalma müddəti uzana bilər”,- deyə terapevt nəzərə çatdırıb.

Müsahibimiz vurğulayıb ki, havaların qeyri-sabit keçməsi və soyuq hava şəraitinin davam etməsi də bu kimi hallara zəmin yaradır:

“Belə hava şəraiti tənəffüs yolu infeksiyalarının yayılmasına səbəb olur. Nəticədə öskürək, hərarət kimi şikayətlərin keçməsi bir qədər vaxt aparır”.

Bəzi insanların bu simptomları COVİD-in yeni ştammı ilə əlaqələndirməsinə münasibət bildirən ekspert, bu fikirlərin əsası olmadığını vurğulayıb. Dediyinə görə, qrip infeksiyası keçirmiş insanlarda da sağalma müddəti uzana bilər.

Həmsöhbətimiz onu da əlavə edib ki, xroniki xəstəlikləri olan, immun sistemi zəif və yanaşı xəstəliklərə malik şəxslərdə bu proses daha uzun çəkə bilər. Eyni zamanda, mövsümə uyğun olaraq allergik mənşəli yuxarı tənəffüs yolları xəstəliklərinin də artdığı müşahidə olunur.

Terapevtin fikrincə, hər bir halda həkim müayinəsi şərtdir:

“Hər kəsə eyni dərman təsir etmir. Doğru diaqnoz və düzgün müalicə yalnız mütəxəssis müayinəsindən sonra mümkündür”.

Mina Mikayılova

Seçilən
0
bakivaxti.az

1Mənbələr