AZ

Qastroenterit nədir və uşaqları ondan necə qorumaq olar? – Uzman Dr. Səid Səidov cavablayır

Qastroenterit nədir və uşaqları ondan necə qorumaq olar? –

Uşaqlarda qastroenterit, xüsusilə yaz və yay aylarında daha tez-tez rast gəlinən və valideynləri narahat edən mədə-bağırsaq infeksiyalarındandır. Bu vəziyyətin səbəblərini, əlamətlərini və qarşısının alınması yollarını bilmək uşağın sağlamlığını qorumaq üçün olduqca vacibdir.

Emlakbazari.az

E-saglam.az mövzu ilə bağlı Məlhəm Beynəlxalq Hospitalının uzman doktoru Səid Səidovun məqaləsini təqdim edir.

Qastroenterit nədir?

Qastroenterit ishal və qusmaya səbəb olan çox yayılmış bir sağlamlıq problemi kimi tanınır. Adətən virus və ya bakterial səbəblərdən qaynaqlanan bu problem hər bir yaş qrupunda rast gəlinə bilər. Xüsusilə azyaşlı uşaqlarda rast gəlinən və ümumiyyətlə mədə və bağırsaq soyuqluğu (qripi) adlandırdığımız bu vəziyyət özünü sulu ishal, kramp kimi qarın ağrısı, ürəkbulanma və qızdırma kimi əlamətlərlə göstərir. Körpələr, yaşlılar və immuniteti zəif olan insanlar üçün viral qastroenterit ölümcül ola bilər.

Qastroenteritin əlamətləri nədir?

Qastroenterit üçün ən çox görülən simptomlar bunlardır:

  • Sulu, adətən qanlı olmayan ishal (qanlı ishal adətən fərqli, daha ağır infeksiya deməkdir).

  • Qarın krampları və ağrıları

  • Bulantı, qusma və ya hər ikisi

  • Bəzən əzələ ağrıları və ya baş ağrıları

  • Qızdırma

  • İş­tahsızlıq, mədə pozğunluğu, oynaq ağrıları

Qastroenteritin səbəbləri

Çirklənmiş qida və ya su qəbul etmək, yaxud yoluxmuş şəxslə qab-qacaq, dəsmal və ya yeməyi paylaşarsınızsa, viral qastroenterit alma ehtimalınız daha yüksəkdir. Ən çox görülən səbəblər rotavirus və norovirusdur.

Noroviruslar: Onlar həm uşaqlar, həm də böyüklər arasında bütün dünyada qida yoluxucu xəstəliklərin ən çox yayılmış səbəbidir. Xüsusilə qapalı yerlərdə insanlar arasında yayılma ehtimalı yüksəkdir. Əksər hallarda virus çirklənmiş qida və ya sudan orqanizmə daxil olur, lakin insandan insana ötürülməsi də mümkündür.

Rotavirus: Uşaqlarda virus mənşəli qastroenteritlərin ən çox yayılmış səbəbidir. Uşaqlar barmaqlarını və ya virusla çirklənmiş digər əşyaları ağızlarına qoyanda yoluxurlar. Körpələrdə infeksiya daha ağır keçir. Rotavirusa yoluxmuş böyük uşaqlarda simptomlar olmaya bilər, lakin onlar hələ də xəstəliyi yaya bilərlər. Xoşbəxtlikdən, bu infeksiya üçün bir peyvənd var.

Qastroenteritə kimlərdə rast gəlinir?

Qastroenterit hər yaşdan və irqdən olan uşaqlara təsir göstərir. Qastroenteritlərə daha çox həssas ola bilən insanlar:

  • Uşaq baxım mərkəzlərində və ya ibtidai məktəblərdə olan uşaqlar, çünki uşağın immun sisteminin yetkinləşməsi üçün vaxt lazımdır.

  • Yetişkinlərin immun sistemi daha sonra zəifləyir. Qocalar evlərində yaşayan yaşlı insanlar xüsusilə həssasdırlar.

  • İctimai yerlərə gedənlər və ya yataqxanalarda yaşayanlar.

  • İmmuniteti zəif olanlar, məsələn, HİV/AİDS, kimyaterapiya və ya başqa tibbi və ya xroniki iltihabi vəziyyətlə qarşılaşanlar.

Qastroenterit diaqnozu necə qoyulur?

Qastroenteritdə xəstələrdən ətraflı anamnez alınmalı, onlardan nə yeyib-içdikləri soruşulmalıdır. Şübhəli hallarda qanda infeksiyanı göstərən CRP və qan sayımı kimi dəyərlər yoxlanılmalı və mümkünsə nəcis müayinəsi aparılmalıdır. Xəstəyə bu şəkildə diaqnoz qoyulmalı və zəruri hallarda dəstəkləyici müalicə və dərmanlar verilməlidir.

Qastroenterit necə müalicə olunur?

Qastroenterit üçün effektiv müalicə yoxdur, buna görə də əsas müalicə xəstəliyin qarşısını almağa yönəldilmişdir. Çirklənmiş qida və sudan qaçınmaqla yanaşı, əllərinizi tez-tez yumaq bu problemdən qorunmaq üçün çox yaxşı bir yoldur.

Həqiqi qrip yalnız tənəffüs sistemini (burun, boğaz və ağciyərlər) təsir edir. Mədə qripi klassik qriplə eyni deyil. Mədə qripi şikayətləri adətən xəstə mikrobla rastlaşdıqdan sonra 1–2 gün ərzində yaranır. Şikayətlər adətən bir və ya iki gün davam edir, lakin bəzən 10 günə qədər davam edə bilər. Simptomlar oxşar olduğundan, Clostridium difficile, Salmonella və E. coli kimi bakteriyaların və ya Giardia kimi parazitlərin səbəb olduğu ishallarla qarışdırıla bilər.

Mayelər çox vacibdir, çünki xəstə tərləmə, qusma və ishal nəticəsində çoxlu maye itirir. Mayeləri bədəninizdə saxlamaqda çətinlik çəkirsinizsə, müntəzəm olaraq kiçik qurtumlar qəbul etmək və ya buz parçalarını çeynəmək kömək edə bilər. İçmək üçün ən yaxşı mayelər:

  • Təmiz və mənbəyi məlum olan şüşə suyu

  • Aptekdən alınan hazır qarışıqlar

  • Elektrolitin dəyişdirilməsinə kömək edə biləcək içəcəklər

  • Mədəni sakitləşdirən və ürəkbulanmanı aradan qaldıran zəncəfil və nanə kimi bitki çayları (yüksək kofeinli çaylardan çəkinin)

Qastroenterit nə qədər davam edir və həkimə hansı hallarda müraciət olunmalıdır?

Qastroenteritdə simptomlar adətən xəstə mikrobla qarşılaşdıqdan sonra 1–3 gün ərzində görünür. Şikayətlər adətən bir və ya iki gün davam edir, lakin bəzən 10 günə qədər davam edə bilər. Ona görə də vaxt itirmədən həkimə getmək lazımdır:

  • Bədəndə 24 saat su-maye saxlama problemi varsa

  • Qusma iki gündən çox davam edirsə

  • Qanlı qusma varsa

  • Susuzluq varsa (həddindən artıq susuzluq, quru ağız, tünd sarı sidik, az və ya heç sidik ifrazı, şiddətli zəiflik və ya başgicəllənmə)

  • Nəcisdə qan varsa

  • 38.8°C-dən yuxarı hərarət varsa

Qastroenterit varsa, aşağıdakılar mütləq edilməməlidir:

  • Kifayət qədər dincəlməyin vacib olduğu bir vaxtda yuxuya mane ola biləcək qəhvə, qara çay və şokolad kimi kofeinli içkilərdən uzaq durun.

  • Bədəndə mayeni azaltdığı üçün spirt heç vaxt istifadə edilməməlidir.

Qastroenterit nəyə səbəb ola bilər?

Viral qastroenteritlərin əsas ağırlaşması dehidratasiyadır (susuzlaşma). Bu, su, duz və mineralların ciddi itkisidir. Əgər sağlamsınızsa və qusma və ishal nəticəsində itirdiyiniz mayeləri əvəz edəcək qədər içirsinizsə, dehidratasiya problem deyil. Lakin körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar çox maye itirsələr, ciddi şəkildə susuzlaşa bilərlər. İtirilmiş mayeləri venadaxili yolla əvəz etmək üçün xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Dehidratasiyaya diqqət edilməzsə, ölümcül nəticələrə səbəb ola bilər.

Qastroenteritdən qorunmaq üçün nə etməli?

Bağırsaq infeksiyalarının yayılmasının qarşısını almaq üçün:

  • Uşağınızı peyvənd edin. Bəzi ölkələrdə, o cümlədən bizdə rotavirusun yaratdığı qastroenteritlərə qarşı peyvənd var.

  • Əllərinizi yaxşıca yuyun və uşaqlarınızın da yuduğundan əmin olun. Ən yaxşısı ilıq su və sabundan istifadə etmək və əlləri ən azı 20 saniyə ovuşdurmaqdır.

  • Şəxsi əşyalarınızı evdən kənarda da istifadə edin. Qabları və dəsmalları paylaşmayın.

  • Məsafəni saxlayın. Viruslu insanlarla yaxın təmasdan çəkinin.

  • Sərt səthləri dezinfeksiya edin. Qapı tutacaqları və su krantlarını ağartıcı ilə silin.

Başqa ölkələrə səyahət edərkən:

  • Yalnız yaxşı qapağı olan şüşə və ya qazlı su için.

  • Buz kublarından çəkinin.

  • Dişlərinizi fırçalamaq üçün şüşə sudan istifadə edin.

  • Çiy qidalar, çiy tərəvəzlər və soyulmamış meyvələrdən uzaq durun.

  • Az bişmiş ət və balıqdan çəkinin.

Qastroenterit üçün nə faydalıdır?

Ürəkbulanma və qusma səbəbi ilə bədəndə qida saxlamaq çətin ola bilər. Bu zaman sadə qidalarla başlamaq yaxşıdır. Banan, düyü, alma püresi, kartof püresi və tost kimi qidalar tövsiyə olunur. Bunlar asan həzm olunur və enerji verir.

  • Banan: Kaliumla zəngindir, mədəni sakitləşdirir.

  • Düyü: Asan həzm olunur, enerji verir.

  • Alma püresi: Pektin sayəsində ishalı azaldır.

Süd məhsulları, lifli qidalar, yağlı və ədviyyatlı yeməklərdən çəkinin. Həmçinin böyürtkən, üzüm, xurma, armud, quru meyvələr və fındıqlardan uzaq durun. Qarın nahiyəsinə isti su torbası qoymaq da faydalıdır.

Qastroenterit üçün hansı dərmanlar istifadə olunmalıdır?

Mədə qripini dərmanlarla müalicə etmək mümkün deyil və səbəb virus olduqda antibiotiklər faydasızdır. Semptomları aradan qaldırmaq üçün reseptsiz dərmanlar istifadə oluna bilər. Qızdırma və ağrılar üçün parasetamol daha təhlükəsizdir. İbuprofen bəzi hallarda mədəni narahat edə bilər.

Ürəkbulanma və ishalı dayandırmaq üçün prometazin, proxlorperazin, metoklopramid və ya ondansetron kimi dərmanlar istifadə edilə bilər. Probiyotiklər də faydalıdır.

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr