AZ

PKK-nın ləğvi bölgədə balansı dəyişə bilər - Beynəlxalq media

BAKI, AzerVoice

PKK-nın özünü ləğv etdiyini elan etməsi beynəlxalq medianın da diqqətini çəkib.

AzerVoice xəbər verir ki, PKK silahlı mübarizəsinə son qoyduğunu və özünü ləğv etdiyini bəyan edib.

Beynəlxalq media bu bəyanatı “tarixi dönüş” adlandıraraq, Türkiyənin NATO çərçivəsində və regional güc statusunda daha irəli gedə biləcəyini vurğulayıb.

Bloomberg agentliyi bu hadisəni “40 illik müharibənin sonu” kimi qiymətləndirərək , “PKK silahı yerə qoymaq qərarı verib. Bu, Türkiyənin həm daxili sabitliyi, həm də regional təsir gücü baxımından əhəmiyyətli dönüş nöqtəsi ola bilər.” - deyə qeyd edilib.

Fransa 24 isə bildirib ki, “PKK Türkiyə ilə 40 illik münaqişəyə son qoymaq üçün tarixi qərar verib.” Onların yaydığı xəbərdə bu addımın təşkilatın gələcək fəaliyyətlərinin dəqiq şəkildə sonlandırılması anlamına gəldiyi qeyd olunub.

Almaniyanın nüfuzlu “Die Welt” nəşri isə məsələyə PKK lideri Abdullah Öcalanın rolu kontekstində toxunub. “Öcalan fevral ayında PKK-nı silahı yerə qoymağa və özünü ləğv etməyə çağırmışdı. Bu qərar həmin çağırışın cavabı kimi dəyərləndirilə bilər.” - deyə bildirilib.

Qətər mərkəzli Əl-Cəzirə telekanalı xəbər verir ki, bu qərar PKK-nın Şimali İraqda keçirdiyi son qurultaydan bir neçə gün sonra elan olunub. Əl-Cəzirənin şərhində bildirilir ki, bu addım “Ankara ilə yeni sülh təşəbbüsünün bir hissəsidir və regionda uzunmüddətli sabitliyə yol aça bilər.”

Yunanıstanın “Kathimerini” qəzetinin analizində isə qeyd olunur ki, bu qərarın yalnız Türkiyə ilə deyil, Suriyada da kürd qrupları və ABŞ qüvvələri arasındakı münasibətlərə təsiri gözlənilir.

Qeyd edək ki, təşkilatın bu qərarı PKK lideri Abdullah Öcalanın fevral ayında etdiyi tərksilah çağırışından sonra verilib. Öcalan öz məktubunda təşkilatın konqres keçirərək buraxılması və münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atılmasını istəmişdi.

Seçilən
0
50
turkic.world

10Mənbələr