AZ

“PKK-nın tam ləğvi yalnız YPG və PJAK bitərsə, mümkün olacaq”- Türkiyəli ekspertdən sensasion açıqlamalar

 “PKK-nın keçirdiyi qurultay regionda diqqətlə izlənilən mühüm bir siyasi hadisəyə çevrildi. Bu qurultayda təşkilat özünü buraxmaq qərarı verdiyini elan etdi. Lakin bu cür ciddi bir bəyanat, ardınca gətirdiyi ziddiyyətlərlə həm suallar doğurur, həm də prosesin nə qədər mürəkkəb olduğunu göstərir. Əsas məsələ budur: PKK-nın özünü buraxması, onun tərkib hissəsi olduğu daha böyük bir struktur – KCK-nın da ləğvini tələb edir. KCK isə yalnız PKK-nı deyil, eyni zamanda Suriyadakı YPG-ni, İraqdakı Kandil bazasını, İrandakı PJK-nı və Avropadakı siyasi təçkilatları  əhatə edir. Belə bir şəbəkənin tək bir qərarla buraxılması real görünmür”.
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Dumlupinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç deyib.
 
Onun sözlərinə görə, Suriyada federal quruluş yaratmağa çalışan YPG bu qərarı açıq şəkildə qəbul etmir və dirənc göstərir:
 
“PKK-nın hələ də ləğv qərarını tam şəkildə rəsmi elan etməməsi, əslində təşkilat daxilində danışıqların davam etdiyini göstərir. Paralel olaraq, PKK Türkiyə daxilində “kürdlərə status” kimi ifadələrlə siyasi manevrlər edir ki, bu da bölgə üçün potensial parçalanma riski daşıyır. Prosesin qapalı şəkildə aparılması, gələcək üçün tam nikbinliyin doğru olmadığını göstərir. Bununla belə, müəyyən ehtiyatlı optimizm üçün zəmin qalır. Amma bu da yalnız o halda mümkün olacaq ki, PKK-ya dəstək verən beynəlxalq güclər – ABŞ, İsrail və Fransa – prosesi həqiqətən dəstəkləsin və ya ən azı mane olmasın. Əks halda, bu mürəkkəb mexanizmin uğurla başa çatması olduqca çətin olacaq. Bu baş verənlər göstərdi ki, PKK məsələsi sadəcə bir təşkilatın gələcəyi ilə deyil, bütövlükdə regionun geosiyasi sabitliyi ilə birbaşa bağlıdır. İrəlidə bizi çətin və həssas bir dövr gözləyir. Bu səbəbdən, həm diplomatik, həm də təhlükəsizlik baxımından ehtiyatlı və strateji yanaşma zəruridir. Eyni zamanda, Türkiyə daxilində bəzi siyasi partiyaların tərkibində təmsil oluna biləcək müəyyən şəxslər də mövcuddur. Çünki bu şəxslər Türkiyənin unitar (vahid) dövlət quruluşunu qəbul etmirlər və federalist bir sistemin olmasını istəyirlər. Bu çərçivədə, kürd dilinin rəsmi dil elan edilməsi, yəni ana dilində təhsil verilməsi kimi tələblər irəli sürürlər. Halbuki bu, Türkiyənin bölünməsi anlamına gələ biləcək, təhlükəli bir prosesdir. Bu səbəbdən, bu tələblərə istiliklə (müsbət yanaşmaqla) baxmaq olmaz. Əslində, Türkiyənin istədiyi şey – xüsusilə də 27 fevral tarixində Abdullah Öcalanın verdiyi açıqlamalarda ifadə olunduğu kimi – PKK-nın qeydsiz-şərtsiz şəkildə ləğv edilməsidir. Lakin görünən odur ki, proses bu istiqamətdə irəliləmir. Bu səbəbdən, bu məsələdə ciddi problemlərin mövcud olduğunu demək lazımdır”.
 
Türkiyəli professor qeyd edib ki, PKK-nın özünü bu şəkildə ləğv etməsinə mane olmağa çalışan mühüm güclərdən biri də İrandır. Çünki İran PKK-nın Anadolu bölgəsində, yəni Türkiyə ərazisində fəaliyyət göstərməsini təmin edən bir güc olmuşdur:
 
 “Hətta  Qasım Süleymani 1984-cü illərdə Suriyada PKK-nın Türkiyəyə yönləndirilməsində xüsusi rol oynamışdı. Bu baxımdan, bu prosesin qəsdən sabotaj edildiyini və bunun planlı şəkildə həyata keçirildiyini bilmək lazımdır. Və qeyd etdiyim kimi, təkcə Türkiyədə artıq fəaliyyəti sonlanmış, cəmi 30-40 nəfərlik terrorçu qrupdan ibarət PKK-nın sıradan çıxarılması kifayət etmir. Əsas məsələ – Suriyadakı YPG planlamasının, Kandilin, İrandakı PJAK-ın və eyni zamanda Avropada, xüsusilə Fransada göstərilən dəstəyin də sonlandırılmasıdır. Ümumilikdə isə, PKK-nı təşkil edən və onu koordinasiya edən bütün strukturların ortadan qaldırılması vacibdir. Yalnız bu zaman aparılan mübarizə həqiqi, topyekun (ümumi və əhatəli) bir mübarizə adlana bilər. Bu sahələrdə vəziyyətin aydın olmadığı, qeyri-müəyyənliklərin davam etdiyi bir reallıqdır”.
 “Əslində, Türkiyənin istədiyi budur: sadalanan bütün bu strukturların – yəni PKK, YPG, PJAK və digər qolların – şərtsiz və dərhal özlərini buraxdıqlarını, ləğv olunduqlarını bəyan etmələridir. Bu isə strateji bir prosesin başlanğıcıdır. Türkiyə bu prosesin hansı istiqamətdə irəliləyəcəyini və qarşı tərəfin necə davranacağını müşahidə etmək istəyir. Əgər müəyyən bir mərhələyə qədər proses irəliləyərsə, lakin nəticə əldə olunmazsa, Türkiyə öz sərt həll yolunu yenidən gündəmə gətirəcəkdir. Yəni lazım gəldikdə, bütün terror strukturlarına qarşı sərt gücdən istifadə etməyə qayıdacaqdır.Suriya məsələsində, xüsusilə də YPG və PYD-nin mövqeyi çox önəmlidir. Çünki bu bölgədə İsrail və Amerikanın dəstəyi ilə bu quruluşlar Suriyanı federal bir sistemə çevirməyə və nəticə etibarilə ölkəni bölməyə, İsrailin maraqlarına xidmət edən bir struktur yaratmağa çalışırlar. Bu səbəblə, YPG və onun törəmə qurumları ləğv edilmədikcə, bu prosesin başlanğıcından uğurla bəhs etmək və onu tamamlanmış hesab etmək mümkün olmayacaqdır”,- Hüsamettin İnanç deyib.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
50
moderator.az

10Mənbələr