Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bankların SMS bildirişlər üçün xidmət haqqını 90 qəpikdən 3 manata qaldırmalarına görə narazılıqlara aydınlıq gətirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu, mütəmadi olaraq müzakirə edilən məsələlərdəndir.
“Bununla bağlı təkliflərimiz də təqdim olunub. Optimal tariflərin tətbiqini təklif edirik. Çünki nəticə etibarilə SMS bildirişləri üçün xidmət haqqının qaldırılması vətəndaşlarımız və ya bank xidmətlərindən istifadə edən müştərilər üçün əlavə xərc deməkdir. Eyni zamanda daha çox elektron xidmətlərdən istifadəyə ehtiyac var. SMS xidmətlərdən əlavə daha vacib məqamlardan biri xidmətlərin elektron formada əldə edilməsidir. Bu, belə ödəniş olan xidmətlərə tələbi xeyli dərəcədə azalda bilər. Bir sözlə, SMS xidmətləri üzrə tariflərin optimallaşdırılmasına, bu istiqamətdə banklar üçün tövsiyənin təqdim olunmasına, eyni zamanda elektron xidmətlərdən istifadənin həyata keçirilməsinə ehtiyac var ki, bu cür xidmətlər bank müştəriləri üçün əlavə xərc yaratmasın”, - deputat bildirib.
Aytəkin Qardaşova