Məktəblilərin öz potensialını nümayiş etdirdiyi Respublika Fənn Olimpiadaları (RFO) hər il ölkəmizin ən istedadlı şagirdlərini bir araya gətirir. Belə ki, bu müsabiqələr təkcə akademik biliklərin yoxlanılması deyil, həm də əzmkarlığın, çalışqanlığın və hədəfə inamın bir simvolu kimi xarakterizə edilir.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri arasında 3 nəfər -Xədicə Cabbarlı, Cabir Bağırlı və Malik Bağırzadə qızıl medala layiq görülüb.
AzEdu.az həmin şagirdlərlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
“Özümü xüsusi istedadlı şagirdlərdən biri hesab edirəm”.
Şirvan şəhər 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Xədicə Cabbarlı qeyd edib ki, bu il biologiya fənni üzrə RFO-ya qatılaraq qızıl medal qazanıb:
"Elmə və xüsusilə biologiya fənninə olan marağım məni bu uğura aparan əsas motivasiya oldu. Biologiya fənni üzrə RFO-da ilk dəfə iştirak etdim. Aşağı siniflərdən başlayaraq bu fənnə olan marağım hər zaman çox idi. Belə ki, 7-ci sinifdə biologiya fənni üzrə Respublika Fənn Müsabiqələrində iştirak etmək qərarına gəldim və burada gümüş medal qazandım.
Daha sonra RFO haqqında araşdırma apardım və gördüm ki, RFO-nun keçirilməsində əsas məqsəd xüsusi istedadlı şagirdlərin aşkar olunmasıdır. Bu səbəbdən də olimpiadaya müraciət etmək istədim. Çünki özümü xüsusi istedadlı şagirdlərdən biri hesab edirəm".
“Bütün imtahanlara demək olar ki, özüm hazırlaşıram”.
“Olimpiadaya heç bir müəllim dəstəyi olmadan özüm hazırlaşmışam. Günümün çox hissəsi olimpiadaya hazırlaşmaqla keçib. Özüm hazırlaşdığıma görə müxtəlif materiallardan istifadə edirdim. Praktika turu mənə çox maraqlı və asan gəldi. Demək olar ki, heç bir çətinliyim olmadı. Düşünürəm ki, Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq çox böyük bir şərəf və uğurdur.
Biz bilirik ki, olimpiadaya hazırlıq çox çətin bir prosesdir. Orada qızıl medal qazanmaq təbii ki, çox çətin və mürəkkəb bir yoldur. Lakin belə bir nəticə almaq çox qürurvericidir. İstər olimpiadaya, istərsə də buraxılış imtahanına demək olar ki, özüm hazırlaşıram".
O bildirib ki, buraxılış imtahanında 280-dən yuxarı bal toplayacaq:
“Gələcəkdə IV ixtisas qrupu üzrə hazırlaşmağı planlaşdırıram. Tibb fakültəsi üzrə təhsilimi davam etdirib həkim olmaq istəyirəm. Hazırda biologiya fənni üzrə Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşıram. Yaxın bir zamanda seçim imtahanı olacaq. İnşallah ilk dördlüyə düşüb Azərbaycanı təmsil edərəm. Düşünürəm ki, hər bir məktəbdə laboratoriya otaqları olmalıdır. Eyni zamanda bu otaqlar avadanlıqlarla təmin edilməlidir. Çünki elm praktikasız heç nədir.
10–11-ci sinifdə oxuduğum zaman olimpiadaya hazırlaşmaq istəyənlərə dəstək olmaq istəyirəm. Şagirdlərə tövsiyə edirəm ki, çox çalışsınlar. Bu yolda ən böyük dəstəkçim anam olub. Anam hər zaman mənim yanımda olub və mənə motivasiya verib. Məncə, uğurumun ən böyük səbəbi anam olub. Anamın üzündə sevinc ifadəsini, hər uğurumu eşidəndə gözlərinin dolmasını görmək mənim üçün ən böyük uğurlardan biridir".
“RFO-dan coğrafiya fənni üzrə iştirak etmişəm”.
Salyan şəhəri Maqsud İsmayılov adına Yolüstü kənd tam orta məktəbin 11-ci sinif şagirdi Cabir Bağırlının sözlərinə görə, olimpiada üçün gündə 1–2 saatlıq məşğul olub:
“RFO-dan coğrafiya fənni üzrə iştirak etmişəm. Əslində ilk dəfə 10-cu sinifdə RFO-ya qatılıb gümüş medal qazandım. Bu il qızıl medal qazanacağıma inanırdım. Olimpiadaya bəzi vaxtlarda özüm, bəzi vaxtlarda isə Sabir müəllim kömək edirdi. Gündəlik demək olar ki, 1-2 saat məşğul olurdum.
Olimpiadada həm çətin, həm də asan suallar var idi. Situasiyaya bənzər bir neçə sual diqqətimi çəkmişdi. Bu yolda ən çox mənə coğrafiya müəllimim və sinif rəhbərim Sabir Mənsimov dəstək olub.
II ixtisas qrupu üzrə hazırlaşıram. Gələcəkdə UNEC-ə qəbul olub İqtisadiyyat fakültəsində təhsil almaq istəyirəm. Buraxılış imtahanında 252 bal toplamışam.
RFO-dan qızıl medal qazanmaq qürurverici hissdir. Eyni zamanda olduqca zəhmətlidir. Gələcəkdə qızıl medal qazanmaq istəyənlərə tövsiyə edərdim ki, çox çalışıb özlərinə inansınlar".
“Düşünürəm ki, bu qalibiyyət mənim coğrafiya fənnini ən yaxşı bilənlərdən biri olduğumu sübut edir”.
Bu sözləri Neftçala şəhəri 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Malik Bağırzadə müsahibəsində qeyd edib:
O qeyd edib ki, coğrafiya fənni üzrə qızıl medal qazanacağına inanırdı:
“Keçən il olimpiadada iştirak edib gümüş medal qazanmışdım. Olimpiadaya hazırlaşmaq çox çalışmaq tələb edir. Mən də bunun üçün müəllim yanına hazırlığa gedirdim. Gün ərzində ən azı 3–4 saat çalışırdım. Müəllim həm məktəb dərsliyindən, həm olimpiada üçün xüsusi kitablardan dərs keçirdi. Suallar olduqca maraqlı idi.
Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülmək həqiqətən də çox gözəl hissdir. Düşünürəm ki, bu qalibiyyət mənim coğrafiya fənnini ən yaxşı bilənlərdən biri olduğumu sübut edir. Məlumdur ki, RFO-dan medal almaq ali məktəbə daxil olmaqda yardımçı olur. Buraxılış imtahanından 290-dan çox bal toplayacağımı gözləyirəm. Gələcəkdə mühasib olmaq istədiyim üçün UNEC-də təhsil almağı planlaşdırıram".